İspaniyada meşə yanğını və Avropanın digər yerlərində 40°C-ə çatan istilər 6 nəfərin həyatına son qoyub.
“Report” xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.
İspaniyanın Kataloniya bölgəsindəki Kosko şəhəri yaxınlığında baş verən yanğında 32 və 45 yaşlı iki fermer həlak olub. Səlahiyyətlilər bildiriblər ki, ferma işçiləri müdirlərini köməyə çağırıblar, lakin yanğın sürətlə geniş əraziyə yayıldığı üçün xilas ola bilməyiblər.
İtaliyada iki kişi Sardiniya çimərliklərində xəstələnərək ölüb, 80 yaşlı kişi isə Genuyadakı xəstəxanaya aparıldıqdan sonra ürək çatışmazlığından dünyasını dəyişib.
İyulun 2-də axşam saatlarında 10 yaşlı amerikalı qız Parisin cənub-qərbində Versal sarayını ziyarət edərkən yıxılaraq ölüb. Fransanın TF1 telekanalının məlumatına görə, o, kral mülkünün həyətində valideynlərinin gözü qarşısında yıxılıb.
Fransanın ekoloji keçid naziri Anyes Panye-Runaşe daha əvvəl bildirib ki, ölkədəki istidən iki ölüm hadisəsi baş verib, 300-dən çox insana təcili yardım göstərilib.
Avropa qitəsində son dərəcə yüksək temperatur qeydə alınır. BMT-nin İqlim Agentliyinin məlumatına görə, bu, insan tərəfindən törədilən iqlim dəyişikliyi səbəbindən getdikcə adi hala çevrilir.
İspaniya və İngiltərədə 2025-ci ildə müşahidələrin başlanmasından bəri ən isti iyun ayı qeydə alınıb. İspaniyanın “Aemet” Meteoroloji Xidməti ötən ayın 23.6 dərəcə orta istiliyinin iyul və avqust ayları üçün normal ortalamanı üstələyərək rekord qırdığını açıqlayıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.