İƏT-in Xankəndi sammiti sülhə və Azərbaycan diplomatiyasının nüfuzuna böyük töhfədir – RƏY

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçiriləcək sammiti həm müharibədən sonrakı sülhə, həm də Azərbaycan diplomatiyasının regional nüfuzunun gücləndirilməsinə böyük töhfədir.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, Azərbaycan artıq üçüncü dəfədir ki, İƏT sammitini təşkil edir, lakin bu dəfə bu tədbir xüsusi əhəmiyyət kəsb edir, çünki Qarabağda keçirilir:

“Xankəndi ilə bağlı bu seçim çoxqatlı simvolik anlam daşıyır. Uzun münaqişədən sonra Xankəndidə ilk dəfə beynəlxalq sammit keçirilir – bu, Azərbaycanın Qarabağdakı sülh və yenidənqurma səylərini beynəlxalq aləmə nümayiş etdirir. Ümumiyyətlə, İƏT çərçivəsində Azərbaycanın təşkilatçılıq qabiliyyəti beynəlxalq arenada təqdir olunur”.

Tahir Mirkişili

Deputat qeyd edib ki, Zirvə görüşündə regional ticarət, enerji, nəqliyyat, dayanıqlı inkişaf, sosial inklüzivlik kimi məsələlər müzakirə olunacaq. Təmiz Enerji Mərkəzi rəsmi olaraq açılacaq.

“Zirvə görüşündə ticarət əlaqələrinin gücləndirilməsi, infrastruktur və nəqliyyat, enerji əməkdaşlığı, dayanıqlı regional inkişaf, sosial inklüzivlik və s. məsələlər gündəmə gətiriləcək. Bu Zirvə görüşü Azərbaycanın beynəlxalq diplomatiyadakı öncül rolunu və regional əməkdaşlıq niyyətini daha da gücləndirəcək əlamətdar hadisədir. Bu zirvə görüşü ölkəmizin iqtisadi əlaqələrinin, region ölkələri arasında iqtisadi əməkdaşlığın güclənməsinə mühüm töhfə verəcək”, – T.Mirkişili əlavə edib.

Qeyd edək ki, sabah Azərbaycanın işğaldan azad olunan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü keçiriləcək.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More