Ermənilərin mənimsədiyi “abidələrdən” biri də Azərbaycanın milli mətbəxidir.
“Report” xəbər verir ki, bunu “İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşrinin təqdimatında layihənin rəhbəri, Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Qivami Rəhimli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu kitabın nəşri 2020-ci ildə Azərbaycan dilində həyata keçirilib:
“Şübhəsiz ki, burada “mətbəx” sözü var, amma kitab təkcə İrəvan xanlığının mətbəxindən bəhs etmir. Bu, eyni zamanda, bizim qədim yurdumuzun maddi-mədəni irsindən bəhs edən ensiklopedik bir kitabdır. Kitabda həmin bölgənin mətbəxi ilə yanaşı, tarixi faktlar və sənədlər də yer alır. Bunların arasında İrəvanda yerləşən Sərdar Sarayı, İkinci Nikolayın Sərdar Sarayının bərpası ilə bağlı imzaladığı sərəncam və digər çoxsaylı tarixi sənədlər var”.
Layihə rəhbəri bütün bunların İrəvan xanlığının qədim Azərbaycan yurdu olduğunu göstərdiyini vurğulayıb:
“Xatırlayırsınızsa, ölkə başçısı İlham Əliyev dəfələrlə bildirmişdir ki, “İrəvan bizim dədə-baba yurdumuzdur. Biz o torpaqlara qayıdacağıq”. Bu qayıdış hüququ isə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və Baş Assambleyası çərçivəsində yayımlanmış sənədlərdə də öz əksini tapıb. Biz beynəlxalq hüquq normaları çərçivəsində bu məsələnin həllini istəyirik”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.