Beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi başlayıb

Bakı Ekspo Mərkəzində beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə start verilib.

“Report” xəbər verir ki, tədbirdə müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Prezidentin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev iştirak ediblər.

F.Hacıyev çıxışında qeyd edib ki, “Yüksəliş” müsabiqəsi dövlətin kadr potensialının inkişafına verdiyi yüksək önəmin göstəricisidir:

“Elmi-intellektual müsabiqələrə belə diqqət və qayğı göstərməsi təqdirəlayiqdir. Bu il həmçinin 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin də beşinci ildönümüdür. Bununla bağlı bizə mühüm və şərəfli bir vəzifə həvalə olunub və yaxın günlərdə bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək”.

PA rəsmisi Şahmar Mövsümov qeyd edib ki, artıq lider yalnız qərar verən və idarə edən şəxs deyil, müasir lider daha fərqli keyfiyyətlərə malik olmalıdır:

“Müasir dövrün əsas xüsusiyyəti dəyişikliklərin sürətli xarakter almasıdır. Qlobal dünyada texnologiya, həyat tərzi, iqtisadiyyat və digər sahələr sürətlə dəyişir. Bu dəyişikliklər yeni çağırışlar yaradır. İndiyədək 40 minə yaxın insan müsabiqəyə qatılıb. Bu dövr ərzində 96 nəfər qalib olub. Burada fərqlənərək ön sıralara yüksələnlər yaradıcılığı, analitik düşüncəsi, çevik qərarvermə bacarığı və komanda ilə işləmək qabiliyyəti ilə seçilirlər”.

Ombudsman Səbinə Əliyeva bildirib ki, müsabiqə Azərbaycanda strateji idarəçilik mədəniyyətinin formalaşmasına, dövlətçilikdə intellektual kapitalın önə çəkilməsinə və bacarıqlı kadrların dövlətin inkişafında iştirak etməsinə geniş imkanlar yaradır:

“Bu təşəbbüs yalnız idarəçilik müsabiqəsi deyil, eyni zamanda Azərbaycanın gələcəyinə xidmət edən liderlik məktəbidir. Təqdirəlayiq haldır ki, ölkəmiz ötən illər ərzində qabaqcıl beynəlxalq təcrübələri əsas götürərək rasional dövlət siyasəti həyata keçirmiş, təhlükəsiz, inklüziv və dayanıqlı ölkə modeli kimi dünyada tanınıb. Azərbaycan “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan məqsəd və hədəflərin hər biri üzrə, xüsusilə keyfiyyətli təhsilin, gender bərabərliyinin, layiqli əmək və iqtisadi artımın təmini sahəsində nəticələr və nailiyyətlər əldə etməkdədir”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev isə vurğulayıb ki, “Yüksəliş” müsabiqəsi yüksək intellektə və idarəçilik bacarığına malik perspektivli, xüsusilə gənc rəhbər kadrların seçilməsi və dəstəklənməsi, yeni nəsil idarəçilərin hazırlanması üçün unikal platformadır:

“Kadr hazırlığı sisteminin perspektiv peşələrə dönüşü və innovativ iqtisadiyyatın tələbatına cavab verə biləcək kadr potensialının formalaşdırılması, ölkədə liderlik potensialının və peşəkarlığın artırılması, gələcək ictimai inkişafın yeni keyfiyyət mərhələsini səciyyələndirəcək. Bu baxımdan “Yüksəliş” müsabiqəsi istedadlı və idarəetmə bacarığı olan şəxslərin üzə çıxarılması, onların inkişafına dəstək göstərilməsi ilə bu prosesə mühüm töhfə verir”.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov isə əlavə edib ki, müsabiqə eyni zamanda Azərbaycanın inkişafına yönəlmiş strateji addımlardan biridir:

“Yüksəliş” müsabiqəsində qazanılan ən böyük nailiyyət təkcə qalib olmaq deyil – həm də özünüzü daha dərindən tanımaq, zəif və güclü tərəflərinizi müəyyənləşdirmək və daim inkişaf etməyə can atmaqdır. Hər bir çətinlik və sınaq qarşıya qoyulan məqsədlərə bir addım daha yaxınlaşdırır. İnanıram ki, istedadlı şəxslərin dəstəklənməsi ilə biz daha güclü, daha dinamik və daha innovativ bir cəmiyyət quracağıq”.

Daha sonra iştirakçılara məlumat verilib ki, yarımfinal mərhələsində iştirak etmək hüququ qazanan 329 namizəd idarəetmə bacarıqları üzrə keçirilən imtahanı müvəffəqiyyətlə tamamlayaraq bu mərhələyə yüksəlib. Bu mərhələdə iştirakçılar real iş mühitinə uyğun hazırlanmış situasiyalar və keys tapşırıqları üzərindən öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər.

Üç gün davam edəcək yarımfinal mərhələsi çərçivəsində namizədlər 9 səriştə üzrə (strateji düşüncə, effektiv liderlik, qərarvermə, nəticəyönümlülük, işin effektivliyinin idarə edilməsi, adaptivlik, innovativ düşüncə, komanda işi və əməkdaşlıq, etika və dürüstlük) ekspertlər tərəfindən qiymətləndiriləcək.

Bu mərhələni uğurla tamamlayan iştirakçılar 18–20 iyulda keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanacaq.

Müxbirlər: Şəfiqə Malikqızı, Tuncay Türbəndəzadə

Foto: Zaur Mustafayev

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More