Dövlət komitəsinin nümayəndələri Nyu-Yorkda “My Way” Mərkəzini ziyarət ediblər

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzini ziyarət edib, məktəbin fəaliyyəti ilə yaxından tanış olub.

“Report”un ABŞ bürosu xəbər verir ki, 2014-cü ildən fəaliyyət göstərən mərkəzin rəhbəri Alyona Bədəlova komitə rəsmisinə məktəbdə sənət və rəsm proqramlarında təhsil alan müxtəlif etnik mənşəli amerikalı uşaqların fəaliyyəti barədə məlumat verib.

O bildirib ki, bir neçə ay öncə qonşu binada baş vermiş yanğın mərkəzə də ziyan vurub, lakin bütün çətinliklərə baxmayaraq, mərkəz qısa fasilədən sonra fəaliyyətini davam etdirib.

Qeyd edib ki, Mərkəz uzun illərdir, Azərbaycan mədəniyyətini, incəsənətini və rəqs sənətini ABŞ-da tanıtmaq istiqamətində davamlı fəaliyyət göstərir.

Mərkəzin sənət rəhbəri, Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam-heykəltəraş Emin Quliyev diqqətə çatdırıb ki, mərkəzdə təhsil alan şagirdlər heç vaxt Azərbaycanda olmasalar da, tarixi vətənlərinin gözəlliklərini, tarixini və mədəni irsini öz əsərlərində əks etdirirlər. Onların Qarabağ, Şuşa, Xarıbülbül, Qız qalası kimi mövzularda çəkdikləri rəsmlər müxtəlif beynəlxalq müsabiqələrdə mükafata layiq görülüb.

Daha sonra S.Abbasova mart ayında Bakıda keçirilmiş Novruz sərgisində nümayiş olunan əsərlərin müəllifləri olan mərkəzin şagirdlərini diplom və hədiyyələrlə təltif edib, onlarla səmimi söhbət aparıb.

Qeyd edək ki, “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzi artıq 14 ildir Nyu-Yorkda fəaliyyət göstərir. Mərkəzin təşəbbüsü ilə Azərbaycanın tanınmış futbolçusu Anatoli Banişevski adına futbol turniri, uşaqlar üçün Novruz şənlikləri, “Azərbaycana məhəbbətlə” adlı rəsm sərgisi, habelə ABŞ-dakı müxtəlif icmalar üçün Azərbaycan rəqsləri üzrə ustad dərsləri, seminarlar və davamlı rəqs dərsləri təşkil olunur.

Bundan əlavə, mərkəzin təşkilatçılığı ilə keçirilən “İpək Yolu” Beynəlxalq Festivalı Nyu-York şəhər meriyası tərəfindən böyük rəğbətlə qarşılanıb. Mərkəz hər il müxtəlif konsertlərdə, festivallarda və müsabiqələrdə fəal iştirak edərək, Azərbaycan mədəniyyətinin, incəsənətinin və rəqs sənətinin ABŞ-da tanıdılması, milli dəyərlərin qorunması və digər icmaların diqqətinin ölkənin zəngin mədəni irsinə yönəldilməsi istiqamətində mühüm işlər görür.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More