Naxçıvan Muxtar Respublikasında (MR) “Ərbabın iş yeri” tarixi binanın bərpası istiqamətində satınalmalar keçirilir.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə muxtar respublikanın mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov jurnalistlərə açıqlamasında deyib.
H.Seyidov bu işlərin Prezident İlham Əliyevin 2024-cü il fevralın 21-də imzaladığı “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” Sərəncam əsasında həyata keçirildiyini qeyd edib:
“Həmin Sərəncamın icrası üzrə Nazirlər Kabinetinin 2024-cü il 29 iyun tarixli Qərarı ilə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonası” və “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisinin xüsusi rejimi” təsdiq edilib. Qoruğun ərazisi 240,06, mühafizə zonası 11,81 hektar olmaqla ümumilikdə 251,87 hektar ərazini əhatə edir. Qoruq ərazisində biri dünya, biri ölkə, 218-i isə yerli əhəmiyyətli olmaqla ümumilikdə 220 daşınmaz tarix və memarlıq abidəsi mövcuddur”.
O əlavə edib ki, qoruğun ərazisində tarix-mədəniyyət abidələrinin bərpa-konservasiyası istiqamətində işlər aparılır:
“Qoruğun inzibati binası üçün nəzərədə tutulan “Ərbabın iş yeri” tarixi binasının və Sərşəhər meydanında yerləşən Sərşəhər Məscidinin bərpası ilə bağlı layihələndirmə işləri aparılıb. Həmçinin Mədrəsə binasının bərpası ilə bağlı layihələndirmə işləri və “Ərbabın iş yeri” tarixi binanın bərpası istiqamətində satınalmalar keçirilir”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.