“Araz-Naxçıvan”ın futbolçuları Türkiyə təmsilçisi “Bayburtspor”a 14:0 hesabı ilə qalib gəldikləri yoxlama oyununda istəkli olublar.
“Report” xəbər verir ki, bu barədə baş məşqçi Elmar Baxşıyev klubun rəsmi saytına açıqlamasında deyib.
Mütəxəssis yoxlama görüşü ilə bağlı fikirlərini bölüşüb:
“İyulun 6-dan hazırlığı Ərzurumda davam etdiririk. Gün ərzində 2 məşq keçirik. Futbolçular günün birinci yarısında fitnes-zalda çalışırlar, ikinci məşq isə meydanda reallaşır. Bu, ilk yoxlama oyunumuz idi. Əlbəttə, rəqibin nəyə qadir olduğu haqda məlumatlı idik. Ona görə də bütün futbolçuları sınamaq və oyun ritminə gətirmək istəyirdik. Məqsədimiz yeni futbolçuların komandaya uyğunlaşması, xətlərarası əlaqənin yaxşılaşdırılması idi. Bu cür oyunlarda nəticə yox, meydana çıxan futbolçuların verilən tapşırıqları nə dərəcədə icra etmələri önəmlidir. Hər kəs istəkli idi. Çalışmalarımız davam edir. Rəsmi oyuna qədər olan müddətdən maksimum istifadə etmək və hazır olmaq istəyirik”.
“Qırmızı-ağlar” iyulun 11-də “Alanyaspor”, 17-də isə “Trabzonspor” ilə qarşılaşacaq.
Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Aris”lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.