Azərbaycan nümayəndə heyəti TDT Turizm nazirlərinin toplantısında təmsil olunub – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti 8-9 iyul tarixlərində Türkiyənin Ankara şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərinin Turizm nazirlərinin 10-cu toplantısında və işçi qrupun 20-ci görüşündə iştirak edib.

“Report”un Türkiyə bürosunun məlumatına görə, toplantıda çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev təşkilatla turizm sahəsi üzrə əməkdaşlığın gücləndirilməsi istiqamətində atılan intensiv addımlar, Azərbaycanın ev sahibliyi etdiyi TDT-nin iclas, konfrans və görüşləri haqqında ətraflı məlumat verib.

Fuad Nağıyev son illərdə təşkilata üzv olan dövlətlərlə Azərbaycan arasında əlaqələrin daha da genişləndiyini vurğulayaraq turizm üzrə statistik göstəricilərdən bəhs edib.

Tədbir zamanı iclas iştirakçılarına Azərbaycanın turizm potensialını əks etdirən təbliğat videosu nümayiş etdirilib.

Bununla yanaşı, TDT dövlətlərinin iştirakı ilə “Vahid Muzey Kartı”nın yaradılması təşəbbüsü səsləndirilərək üzv ölkələr tərəfindən təqdim ediləcək konsepsiyalar əsasında layihənin həyata keçirilməsi təklifi müzakirə edilib.

İclas çərçivəsində “Türk Dövlətləri Təşkilatının üzv dövlətləri arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanma mərasimi keçirilib.

11:45

Bu gün Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir

“Report”un Türkiyə bürosu xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin ev sahibliyi ilə təşkil olunan toplantıda TDT-yə üzv və müşahidəçi ölkələrin nümayəndə heyətləri rəhbərlərinin çıxışları dinlənilib.

Tədbirin açılışını Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy edib.

O bildirib ki, Türkiyənin paytaxtı qədim keçmişi, çox sayda muzeyi ilə həm ənənəvi, həm də modern sənətin bir arada yaşadılmasında önəmli rol oynayır. Bu səbəbdən də Ankara TDT çərçivəsində 2026-cı il üçün turizm paytaxtı elan olunacaq: “Gündəmdə olan məsələlərdən biri də budur”.

TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev çıxışında deyib ki, Türk dünyası bu beynəlxalq təşkilat səviyyəsində təkcə siyasət, iqtisadiyyat, təhsil, hüquq sahəsində deyil, mədəniyyət və turizm sahəsində də əməkdaşlığını genişləndirir.

Qeyd edək ki, bu tədbirdə Azərbaycanı Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev təmsil edir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More