“Araz-Naxçıvan” UEFA Çempionlar Liqasında yer aldığı F qrupunun favoritidir.
“Report” xəbər verir ki, bu barədə komandanın kapitanı Emin Kürdov Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib.
Naxçıvan təmsilçisi ilə müqavilə müddətini uzadan təcrübəli qapıçı püşkatmanın nəticələrini dəyərləndirib:
“Çətin bir mövsüm keçirdik. Maraqlı görüşlər oldu. Çempion olmaq tapşırığını yerinə yetirdik və buna görə şadam. Əlbəttə, asan olmadı, yenildiyimiz, heç-heçə etdiyimiz matçlar oldu. İndi hədəf UEFA Çempionlar Liqasında yaxşı nəticələr qazanmaqdır. Artıq püşk atılıb. Qrupumuzun ən reytinqli komandasıyıq. Yəni kağız üzərində favorit “Araz-Naxçıvan”dır. İndi biz bunu meydanda da sübut etməliyik. İyulun sonlarında hazırlığa başlayacağıq. Yaxşı toplanış keçib məqsədə doğru yola çıxacağıq. Rəqiblərimiz arasında tanış olanı var. “Sparta Belfast”la ötən mövsümdə də qarşılaşmışdıq və 7:1 hesabı ilə qələbə qazanmışdıq. Şotlandiya və Avstriya çempionları bizim üçün müəmmalıdır. Oyunlara qədər məşqçilər korpusu lazım olan məlumatı toplayacaq və necə oynamalı olduğumuzu bildirəcəklər. İstənilən halda, məqsəd dəyişməyir: əsas mərhələyə vəsiqə qazanmaq. Buna nail olmaq, “Araz-Naxçıvan”ın əvvəlki əzəmətini qaytarmaq üçün əlimizdən gələni edəcəyik. Heyətimiz də gücləndirilir. Yeni transferlərimiz hazırlığın ilk günündən komandaya qoşulacaqlar”.
O, daha bir il “Araz-Naxçıvan”da çıxış edəcəyini söyləyib:
“Karyeram baxımından da qarşıdakı 3 matç çox vacibdir. Çünki çempionluğa gedən yolda komandama bacardığım qədər kömək edə bildim. Bunu məşqçilərimiz də hər dəfə qeyd edirdi. İndi beynəlxalq arenada bunun davamını gətirməliyik. Kapitan olaraq məsuliyyətimizi, bizdən gözləntiləri anlayırıq. Bu arada, “Araz-Naxçıvan”la başa çatan müqaviləni yenilədik. Daha bir il ölkə çempionunun heyətində yer alacağam. Bu imkanı yaratdığına görə klub rəhbərliyənə təşəkkür edir, etimadı doğrultmağa çalışacam”.
Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu kollektiv Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək. Komanda F qrupunda “Ljuti” (Avstriya), PYF (Şotlandiya), və “Sparta” (Şimali İrlandiya) ilə üz-üzə gələcək.
Bu qrupun matçları avqustun 26-31-i aralığında Avstriyada gerçəkləşəcək.
Mənbə: Report.Az
Comments are closed.