İnsanlar arasında icbari tibbi sığortaya inam varmı? – HƏKİMLƏR NİKBİNDİR

Azərbaycanda icbari tibbi sığorta bir zamanlar əlçatan deyildi. İndi isə artıq ölkənin əksər bölgələrində minlərlə insan bu sistem çərçivəsində müayinə və əməliyyat olunur. Lakin bir sual hələ də tam olaraq öz cavabını tapmayıb. İnsanlar bu sistemə tam etibar edirmi?

Məsələ ilə bağlı uroloq-androloq Vasif İsmayıl “Report”a bildirib ki, nadir hallarda insanlar icbari tibbi sığorta çərçivəsindəki əməliyyatdan imtina edirlər.

O qeyd edib ki, son 6 ay ərzində icra etdiyi əməliyyatların hər biri icbari tibbi sığorta vasitəsilə icra olunub.

“Xəstəxanaya müraciət edən pasiyentə əməliyyat qərarı verildikdən sonra xəstəxana tərkibində fəaliyyət göstərən İcbari Tibbi Sığorta Agentliyinin təmsilçisinə yönləndirilir. Pasiyent sistemə salınıb, kodu verildikdən sonra əməliyyat qeydə alınır”, – deyə V.İsmayıl vurğulayıb.

Psixoloq Vüsalə Əmiraslanova “Report”un sorğusuna cavab olaraq bildirib ki, son dövrlər icbari sığorta ilə bağlı müsbət tendensiya özünü göstərir:

“Əvvəlki dövrə nisbətən hazırda sığorta ilə analiz vermək, müayinə olmaq, əməliyyat etmək insanlar arasında daha çox etibar qazanıb. Amma insanların psixologiyasında belə bir düşüncə formalaşıb ki, sığorta ilə olduqda düzgün diaqnoz qoyulmayacaq, düzgün müalicə getməyəcək və nəticədə əməliyyat keyfiyyətsiz olacaq”.

V.Əmiraslanovanın sözlərinə görə, insanların beynində belə bir oturuşmuş psixologiya var ki, pul verirsə, istədiyini tələb edə biləcək, vermirsə tələb edə bilməyəcək və nəticədə xeyrini görməyəcək.

“Buna baxmayaraq, maddi imkanları yetərincə yaxşı olan insanlar arasında da tibbi sığortaya müraciət edib, bu imkandan yararlanan insanlar da az deyil”, – deyə psixoloq bildirib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən “Report”a verilən məlumata görə, icbari tibbi sığorta əhalinin tibbi yardım almaq hüququnu təmin edir:

“Hər bir Azərbaycan vətəndaşının işləyib-işləməməsindən asılı olmayaraq, icbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlərdən bərabər şəkildə istifadə etmək hüququ var”.

Bildirilib ki, ölkə üzrə icbari tibbi sığortanın tətbiqindən 4 ildən artıq vaxt keçir. 1 aprel 2021-ci ildən bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiq olunduğu dövrdən etibarən sığortadan istifadə edən vətəndaşların sayı ilbəil artıb:

“Bu illər ərzində 78 milyondan çox müraciət qeydə alınıb və icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində 235 milyondan artıq tibbi xidmət göstərilib.

İllər üzrə müqayisə etsək, göstərilən tibbi xidmət sayında 2023-cü il ilə müqayisədə 2024-cü ildə 32% artım olub.
Vətəndaşlar özəl tibb müəssisələrində icbari tibbi sığorta ilə 541 mindən çox əməliyyat və prosedurdan yararlanıb.
Cari ilin statistik göstəricilərinə nəzər saldıqda isə qeyd edə bilərik ki, ilin 6 ayı ərzində 3.5 milyondan artıq əhalinin 12 milyondan çox müraciəti nəticəsində 44 milyondan artıq tibbi xidmət göstərilib”.

Qeyd edək ki, əhalinin icbari tibbi sığorta barədə dəqiq, dolğun məlumatlandırılması üçün maarifləndirmə tədbirləri bir neçə istiqamət üzrə həyata keçirilir. İcbari tibi sığorta ilə bağlı onlayn mediada, müxtəlif televiziya, radio və internet televiziya kanallarında məlumatlar yayımlanır.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More