Kino sənayesi inkişaf etmiş ölkələrin Azərbaycanla əməkdaşlığı qaçınılmazdır.
“Report” xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru Rəşad Əzizov filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, qərara əsasən, filmlərin istehsalı üçün çəkilmiş xərclərin 40 faizə qədəri geri ödəniləcək:
“Bu proses kino sənayesinin inkişafına böyük təkan verəcək. Təsdiq edilmiş qərar nəticəsində yeni iş yerləri formalaşacaq, mədəni yaradıcı sənayelərin kino sahəsində həcmi artacaq. Geri ödəniləcək xərclərin 25 faizi əsas rebeyt, 15 faizi isə mədəni senzə dair əlavə rebeytdir. Bununla da yerli şirkətlər yüksək keyfiyyətə malik avadanlıqların istehsalına təkan verə biləcək”.
O qeyd edib ki, filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsində əsas məqsəd yerli kino sənayesində avadanlıqların daha keyfiyyətli avadanlıqlarla əvəz edilməsinə pul ayıra bilməkdir:
“Rebeyt sistemini həyata keçirə bilmək üçün xarici şirkətlərin mütləq Azərbaycanda tərəfdaşı olmalıdır. Məqsəd yerli şirkətlərin dünya standartlarına çata bilməsinə təkan verməkdir. Həmçinin növbəti 3-5 il ərzində ölkədə çəkilən filmlərin sayının və keyfiyyətinin daha da genişlənməsini hədəfləmişik”.
Direktor əlavə edib ki, gələcəkdə bu xidmətlər onlayn formatda həyata keçiriləcək və xarici şirkətlər də müraciət edə biləcək.
O, insan kapitalının formalaşdırılması ilə bağlı qarşıya konkret vəzifələr qoyulduğunu vurğulayıb:
“Qaydalar bütün şirkətlər üçün keçərlidir və bu təşəbbüs nəticəsində ölkə daxilində 7-8 şirkətin yaxşı nəticə göstərəcəyi gözlənilir”.
Mənbə: Report.Az
Comments are closed.