Suriya Prezidentinin Azərbaycana bugünkü səfəri ikitərəfli əlaqələrin inkişafı baxımından olduqca önəmlidir.
Bunu “Report”a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov deyib.
Ekspert qeyd edib ki, Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraanın Azərbaycana səfəri hələ aprelin 11-13-də keçirilən dördüncü Antalya Diplomatiya Forumu zamanı planlaşdırılmışdı:
“Ümumiyyətlə, Suriyada Əsəd rejimi devrildikdən sonra yeni hökumətlə əlaqə quran ilk dövlətlərdən biri Azərbaycan olub. Prezident İlham Əliyev açıq şəkildə bildirmişdi ki, biz Suriyanın yenidən qurulması üçün əlimizdəki bütün imkan və potensialdan istifadə edəcəyik. Burada yenidənqurma dedikdə Suriya iqtisadiyyatına investisiyanın qoyulması, idarəetmə sisteminə dəstəyin verilməsi, yeni maliyyə sisteminin təsisi nəzərdə tutulur. Çünki bütün bunlara Azərbaycan ciddi dəstək göstərə bilər”.
Müsahib xatırladıb ki, “Ərəb baharı”ndan sonrakı mərhələdə Azərbaycanla Suriyanın diplomatik əlaqələri kəsildi:
“Ata Əsədin (Hafiz Əsəd – müəl.) dövründə, həmçinin yaxın keçmişdə – İkinci Qarabağ müharibəsi zamanı Suriya Ermənistana dəstək göstərib. İndi isə vəziyyət dəyişib, münasibətlərdə yeni səhifə açılıb. Şaara hökuməti Azərbaycanla bağlı isti mesajlar ötürür”.
S.Hümbətovun sözlərinə görə, mövcud dəyişikliklər fonunda Azərbaycanın Yaxın Şərq siyasəti daha da güclənəcək:
“Təxminən iki ay əvvəl Azərbaycan xarici işlər nazirinin müavinin Yalçın Rəfiyev Suriyaya səfər edərək orada görüşlər keçirdi. İndi isə Suriya Prezidenti Azərbaycanda səfərdədir. Fikrimcə, bu təmaslar tərəflər arasında siyasi, iqtisadi, mədəni, turizm və digər sahələrdə əlaqələrin qurulmasına töhfə verəcək. Baş tutacaq görüşlər çərçivəsində sözügedən istiqamətlərdə əməkdaşlıq perspektivləri müzakirə oluna və müəyyən sənədlər imzalana bilər. Çünki Suriya keçmişi zəngin bir ölkədir və onunla əməkdaşlığın böyük perspektivi var”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.