Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək qadınlardan ibarət “Neftçi” klubu Türkiyə millisinin üzvləri ilə müqavilə bağlamaq istəyir.
Bu barədə “Report”a paytaxt təmsilçisinin baş məşqçisi Siyasət Əsgərov məlumat verib.
O, dəvət olunan futbolçuların adlarının yaxın günlərdə açıqlanacağını bildirib:
“Adlarını hələ açıqlamaq istəmədiyim bəzi oyunçuları heyətə cəlb etmişik. Bəziləri ilə isə danışıqların son mərhələsindəyik. Yaxın günlərdə yeni transferlərlə bağlı açıqlama veriləcək. Türkiyədə çıxış edən futbolçuları dəvət etmişik. Müqavilə bağlamaq istədiyimiz oyunçular arasında Türkiyə yığmasının üzvləri də var”.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi yarımfinal və final matçlarından ibarət olacaq. “Neftçi” yarımfinalda Türkiyənin “Fomget” klubunu yenəcəyi təqdirdə, finalda İsrail təmsilçisi “Kiryat”la üz-üzə gələcək. Bu görüşdə qələbə qazanan tərəf isə II təsnifat mərhələsinə adlayacaq.
Qarşılaşmalar Albaniyanın paytaxtı Tiranada baş tutacaq.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.