Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl Avropa İttifaqı ilə ABŞ arasında ticarət mübahisəsinin tez bir zamanda həllinə çağırıb və tarif danışıqlarının nəticə vermədiyi təqdirdə Vaşinqtona qarşı qətiyyətli əks tədbirlərin görülməsinin vacibliyini bəyan edib.
“Report” xəbər verir ki, o, bu barədə “Süddeutsche Zeitung” qəzetinə müsahibəsində bildirib.
“Trampın tariflərindən yalnız itirənlər var. Onlar ən azı Avropadakı şirkətlər üçün olduğu kimi Amerika iqtisadiyyatı üçün də təhlükə yaradır. Ona görə də bu ticarət münaqişəsinə son qoyulmalıdır. İndi heç kimə daha çox təhdid və təxribat lazım deyil. Bunun əvəzinə, Aİ və ABŞ arasında daha ciddi və diqqətli danışıqlara ehtiyacımız var. Avropa vahid və qətiyyətli olaraq qalır: biz ədalətli razılaşma istəyirik”, – Klinqbeyl vurğulayıb.
Bununla belə, o əlavə edib ki, Almaniya hökuməti geri çəkilmək niyyətində deyil: “Ədalətli danışıqlar yolu ilə həll tapılmasa, biz Avropada iş yerlərini və şirkətləri qorumaq üçün qətiyyətli əks tədbirlər görməliyik”.
Vitse-kansler qeyd edib ki, qarşılıqlı tədbirlərə hazırlaşmaqda davam etmək lazımdır: “Biz əlimizi uzatmağa davam edirik, lakin hər şeylə razılaşmayacağıq”.
O, həmçinin digər ölkələrlə ticarət əlaqələrini genişləndirmək niyyətində olduğunu açıqlayıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.