Azərbaycan millisinin üzvü: “Dünya Seriyasında xarakter və əla komanda oyunu nümayiş etdirdik”

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsində xarakter və əla komanda oyunu nümayiş etdirib.

Bunu “Report”a açıqlamasında yığma üzvü Dina Ulyanova deyib.

Basketbolçu bunun çox vacib təcrübə olduğunu vurğulayıb:

“Möhtəşəm turnir oldu, 3 gün ərzində 7 oyun keçirdik. Tamamilə fərqli oyun xüsusiyyətləri olan komandalarla oynadıq. Bu, çox vacib təcrübədir. Hər matçda maksimum xal topladıq. Xarakter və əla komanda oyunu nümayiş etdirdik. Uğurun açarı budur. Nəticədən çox razıyam”.

Milli üzvü əsas məqsədin Avropa Kubokunda uğur qazanmaq olduğunu söyləyib:

“Əsas məqsədimiz Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək Avropa Kubokunda medallar uğrunda mübarizə aparmaqdır. Azərbaycanda daha iki belə turnir olacaq, qarşılıqlı əlaqələr üzərində işləmək və daha yaxşı formaya düşmək üçün yaxşı imkan olacaq. Düşünürəm ki, yüksək səviyyəni qoruyub saxlamalı və oyunumuzu daha da təkmilləşdirməyə çalışmalıyıq. Amma uğursuz vəziyyətlərdən üzülməməliyik, çünki bu hazırlıq mərhələsidir. Əsas odur ki, sentyabrda pik formada olaq”.

Qeyd edək ki, Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol yığması Dünya Seriyasının Buxarest mərhələsini çempion kimi başa vurub. Komanda yarımfinalda Çin yığmasını (21:17), finalda isə ABŞ-nin “Sietl” klubunu (21:18) məğlub edib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More