Cəlilabad şəhəri və Uzuntəpə kəndində üç gündür ki, içməli suyun verilişində problem yaranıb.
Bu barədə “Report”un Muğan bürosuna rayon sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, problem bu ayın 11-də Masallı rayonunun Güllütəpə kəndi ərazisindən keçən, Viləşçay su anbarından Cəlilabada gedən magistral su kəmərində baş vermiş qəza ilə bağlıdır.
Sakinlər, həmçinin bildiriblər ki, qəzadan sonra təmir işləri aparılsa da, sonra yenidən nasazlıq baş verib. Nəticədə suyun verilişi dayandırılıb.
Məsələ ilə bağlı Masallı Rayon İcra Hakimiyyətindən “Report”un Muğan bürosuna bildirilib ki, 11 iyul tarixində Masallı və Cəlilabad rayonlarının sərhədində, rayonun Güllütəpə ərazisində baş vermiş yanğın nəticəsində təxminən 50 hektara yaxın sahə yanıb, ərazidən keçən böyük diametrli su borusu zədələnib.
“Hadisənin fəsadlarının aradan qaldırılması məqsədilə Masallı və Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarələri tərəfindən təxirəsalınmaz tədbirlər görülüb, boru xəttinin bərpası istiqamətində təmir işlərinə başlanılıb”, – məlumatda vurğulanıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.