Xilasetmə briqadaları Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilərin Qırmızı dənizdə “Eternity C” yük gəmisinə hücumundan sonra itkin düşmüş dənizçilərin axtarışını dayandırıb.
“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, iyulun 9-da başlayan əməliyyat zamanı “Eternity C” yük gəmisində olan 10 nəfər xilas edilib. Yəmənli üsyançıların hücumundan sağ çıxan 8 ekipaj üzvü və 2 mühafizəçi Səudiyyə Ərəbistanındadır.
Qeyd olunur ki, iyulun 13-də dəniz təhlükəsizliyi məsələləri ilə məşğul olan Yunanıstanın “Diaplous” və Britaniyanın “Ambrey” şirkətləri “Eternity C” gəmisinin sahibinin itkin düşən dənizçilərin axtarışı ilə bağlı şəxsi əməliyyatı dayandırmaq qərarına gəldiyini bildiriblər. Agentliyin məlumatına görə, 15 nəfər itkin düşüb, onlardan 5-nin husilərin hücumu zamanı öldüyü ehtimal edilir.
Xatırladaq ki, iyulun 7-də Yəmənin liman şəhəri Hodeydanın qərbində Yunanıstanın “Cosmoship Management” şirkətinə məxsus “Eternity C” yük gəmisi reaktiv qumbaraatandan 5 qumbara atılması ilə hücuma məruz qalıb. İyulun 8-də kiçikmotorlu qayıqlarla hücumu davam edib, gəmiyə ciddi ziyan dəyib və o, hərəkət qabiliyyətini itirib.
İyulun 9-da “Reuters” agentliyi gəminin husilərin hücumu nəticəsində batdığını bildirib. Gəminin göyərtəsində 3 mühafizəçi də daxil olmaqla, ümumilikdə 25 nəfər olub. Ekipaj 21 Filippin və 1 Rusiya vətəndaşından ibarət olub. ABŞ-nin Yəməndəki səfirliyinin məlumatına görə, husilər “Eternity C”nin sağ qalan ekipaj üzvlərindən bəzilərini qaçırıblar.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.