Gürcüstanın paytaxtı Tbilisidə Vağzal meydanı yaxınlığında baş verən bina uçqunu nəticəsində ölənlərin sayı artıb.
“Report” Gürcüstan bürosunun məlumatına əsasən, bu barədə Tbilisi Polis departamentinin direktoru Vaja Siradze bildirib.
“İşlər intensiv şəkildə davam etdirilir. Əvvəl bir nəfərin dünyasını dəyişdiyini bildirmişdik. İndi isə daha bir ölü tapılıb. Dağıntı yerində əməliyyatlar davam edir, əlavə təfərrüatlar barədə sizi məlumatlandıracağıq”, – o əlavə edib.
Gürcüstanın paytaxtı Tbilisinin Vağzal meydanı yaxınlığında yerləşən yaşayış binasının uçması nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə xəstəxanaya yerləşdirilib.
“Report” Gürcüstan bürosunun məlumatına əsasən, bunu hadisə yerinə gələn Gürcüstanın daxili işlər naziri Gela Qeladze bildirib.
Nazir qeyd edib ki, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 240-cı maddəsi (tikinti və digər işlər zamanı təhlükəsizlik qaydalarının pozulması) üzrə istintaq başladılıb.
“Xilasetmə xidmətləri və polis qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hüquq-mühafizə xidmətinin əməkdaşları hazırda axtarış-xilasetmə işlərini davam etdirir”, – Qeladze əlavə edib.
Tbilisi merinin müavini İrakli Bendelianinin sözlərinə görə, uçan bina artıq uzun müddətdir 3-cü dərəcəli qəzalı vəziyyətdə olub. O qeyd edib ki, 1 ildən artıq müddətdə yerli hakimiyyət binanın sakinləri ilə əlaqə saxlayıb, lakin bütün sakinlərin razılığını almaq mümkün olmayıb.
Tbilisi meri Kaxa Kaladze də hadisə yerində olub.
Hadisə ilə bağlı müvafiq qurumlar əraziyə cəlb olunub, axtarış-xilasetmə işləri davam etdirilir. Rəsmi qurumlar əlavə məlumatları ictimaiyyətə çatdıracaqlar.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.