Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin mandatını iki il müddətinə uzadıb

Avropa İttifaqı (Aİ) Xarici İşlər Şurasının Brüsseldə bu gün keçirilən iclasında ittifaqa üzv ölkələrin xarici işlər nazirləri birliyin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononun mandatının 2027-ci il avqustun 31-dək uzadılmasını təsdiqləyiblər.

“Report”un Avropa bürosu Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın ofisinə istinadən xəbər verir ki, bu, Aİ üçün strateji əhəmiyyət kəsb edən regionlarda münaqişələrin uzunmüddətli həllinə yönəlmiş səylər üçün Aİ siyasəti çərçivəsində zəruridir.

Aİ Şurası həmçinin Böyük göllər regionu üzrə xüsusi nümayəndə Yohan Borqstamın mandatının uzadılmasına qərar verib.

“Manddatların iki il müddətinə uzadılması qərarı bu regionların Aİ-nin xarici siyasəti üçün strateji əhəmiyyətini nümayiş etdirir. Afrikadakı Böyük göllər regionu mürəkkəb təhlükəsizlik problemləri, humanitar çağırışlar və siyasi böhranlar ilə qeyri-sabitlik bölgəsi olaraq qalır. Öz növbəsində Cənubi Qafqaz geosiyasi rəqabət bölgəsidir və Aİ həlli uzadılmış münaqişələrin, o cümlədən Gürcüstanla bağlı vəziyyətin sülh yolu ilə nizamlanmasına yardım edir”, – Aİ-dən bildirilib.

Qeyd edək ki, Aİ-nin xüsusi nümayəndələri xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndə tərəfindən təklif edilir və Şura tərəfindən təyin edilir. Onlar konkret regionlarda və ölkələrdə, habelə Aİ üçün xüsusi maraq kəsb edən məsələlərdə birliyin siyasət və maraqlarını təşviq edirlər.

Xüsusi nümayəndələrin diplomatik missiyasına danışıqlarda vasitəçilikdən və vəziyyətin monitorinqindən tutmuş Aİ yardımının koordinasiyası və demokratik proseslərin dəstəklənməsinə qədər geniş spektrli vəzifələr daxildir. Mandatların uzadılması Avropa siyasətinin davamlılığını və onların fəaliyyət göstərdiyi regionlarda diplomatik təşəbbüslərin uzunmüddətli planlaşdırılmasını təmin edəcək.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More