“Şamaxı” gənc futbolçuları üzə çıxarmaqda olduqca maraqlıdır.
Bunu “Report”a açıqlamasında sözügedən klubun baş məşqçisi Ayxan Abbasov deyib.
Mütəxəssis yay “transfer pəncərəsi”ndə heyətə daha çox gənc futbolçu cəlb etmək istədiklərini söyləyib:
“Ötən gün “Qəbələ” ilə yoxlama matçı keçirdik və razı qaldım. İlk hissədə əsas heyət üzvlərinə, ikinci yarıda isə gənc oyunçulara şans tanıdıq. Yeni transferlərin çıxışı məni qane edir. Bilirsiniz ki, işimiz çox məsuliyyət tələb edir. Həm kluba, həm də 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə fayda verməliyik. Bu yöndə ciddi işlər gedir. Bəzi klublar sağ olsunlar, gənc oyunçuları bizə icarəyə verməyə razıdırlar. Lakin elə komandalar var ki, həmin oyunçuları əsas heyətə salmadıqları halda, bizə icarəyə verməyə razı olmurlar. İstəyirəm ki, potensiallı futbolçuların hər biri öz komandalarında meydana çıxsınlar. Bu, Azərbaycan futboluna yalnız töhfə verə bilər”.
O, son mövsümü “Qarabağ”ın əvəzedicilərdən ibarət komandasında çıxış etmiş Nihad Mehrəliyev və Davud Məsimovla anlaşdıqlarını bildirib:
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla danışdıq. Təşəkkür edirəm ki, gənc oyunçuların “Şamaxı”ya keçidində kömək göstərdi. Nihad ötən mövsüm əvəzedicilərdən ibarət komandanın heyətində 20 qolla bombardir olub. Bundan başqa, “Turan Tovuz”un futbolçuları ilə də danışıqlar davam edir. Lakin dəqiq nəsə yoxdur. Ötən il olduğu kimi Rüfət Abbasov, Edqar Adilxanov kimi futbolçuları Azərbaycana tanıtmaq istəyirik”.
Qeyd edək ki, “Şamaxı” ötən gün yoxlama görüşündə Qəbələdə şəhərin eyniadlı komandasına 1:2 hesabı ilə məğlub olub.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.