“Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfransın ilk günü başa çatıb

Şamaxıda keçirilən “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfransın ilk günü başa çatıb.

“Report”un Şamaxıya ezam olunmuş əməkdaşı xəbər verir ki, konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə müvafiq dövlət qurumlarının rəhbərliyi, mətbuat nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Konfransda müasir informasiya mühitində dini etiqad azadlığının təmin olunması, bu sahədə mövcud qanunvericiliyin icrası, rəqəmsal medianın imkanlarından istifadə etməklə dini maarifləndirmə işinin səmərəliliyinin artırılması və ictimai şüurda sağlam dini düşüncənin formalaşdırılması mövzularında fikir mübadiləsi aparılıb.

Konfransın açılış mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Vüqar Əliyev, Milli Məclisin deputatı Tamam Cəfərova və Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid çıxış ediblər.

Konfrans çərcivəsində “Din-media münasibətləri: yeni hədəf və çağırışlar” və “Dini etiqadın sərbəst ifadəsi və söz azadlığı” adlı iki panel sessiya keçirilib.

Tədbirin sonunda media qurumlarının rəhbərləri və jurnalistlər təltif ediliblər.

Bildirilib ki, konfrans çərçivəsində sabah media nümayəndələri üçün Şamaxıdakı dini ibadətgahlara media-tur təşkil olunacaq.

Qeyd edək ki, konfrans “Global Media Group”un media dəstəyi ilə keçirilir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More