Azərbaycanın kişi voleybolçularından ibarət “Azərreyl” klubu üçün Çempionlar Liqasının püşkatmasının nəticəsi uğurlu olub.
Bunu “Report”a açıqlamasında komandanın baş məşqçisi Boris Qrebennikov deyib.
Mütəxəssis I təsnifat mərhələsində qarşılaşacaqları Serbiya təmsilçisi “Radniçki”nin güclü rəqib olduğunu bildirib:
“Püşkdə bəxtimizə yaxşı, güclü rəqib düşdü. Uzun müddət sonra Serbiya çempionu olublar. Bu da komandanın gücündən və motivasiyasından xəbər verir. Bu ölkənin çempionatı ilə tanışam. Bilirəm ki, komandaların heyətində gənc və perspektivli voleybolçular çıxış edir. Bizdən tələb olunan meydançaya çıxıb sona qədər mübarizə aparmaqdır. Fikrimcə, bu rəqibi mübarizədən kənarlaşdırıb, növbəti mərhələyə adlamağa qadirik. Üstünlüyümüz ötən mövsümkü heyəti qoruyub saxlamağımızdır. Voleybolçularda uyğunlaşma ilə bağlı heç bir problem yoxdur. Üstəlik, heyətə yeni oyunqurucusu cəlb etmişik. Bildiyim qədər “Radniçki”nin də heyətində ciddi dəyişiklik baş verməyib. Cəmi iki yeni transfer həyata keçiriblər. Bu səbəbdən çox maraqlı duel olacaq. Təbii ki, rəqibin oyunlarını təhlil edirəm, güclü və zəif tərəflərini müəyyənləşdirməyə çalışıram”.
B.Qrebennikov hazırlığa avqustda başlayacaqlarını vurğulayıb:
“Avqustun sonunda hazırlığa başlayacağıq. Hazırlıq üçün 2 ay vaxtımız olacaq. Fikrimcə, yaxşı hazırlaşmaq üçün yetərli müddətdir. Hesab edirəm ki, püşkatmanın nəticəsi kifayət qədər uğurludur”.
Qeyd edək ki, Azərbaycan çempionu turnirin I təsnifat mərhələsində Serbiya təmsilçisi “Radniçki” ilə münasibətlərinə aydınlıq gətirəcək. Tərəflər arasında ilk qarşılaşma oktyabr 21-23-nə, cavab matçı isə bundan bir həftə sonraya təsadüf edəcək.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.