Mətbuatın 150 illiyinə həsr olunmuş “MətbuArt” beynəlxalq incəsənət simpoziumu keçirilir – FOTOREPORTAJ

Bakıda milli mətbuatın 150 illiyinə həsr olunmuş “MətbuArt” beynəlxalq incəsənət simpoziumu keçirilir.

“Report” xəbər verir ki, “Azərbaycan Nəşriyyatı”nın təşəbbüsü və təşkilatçılığı ilə keçirilən simpoziumun əsas məqsədi Azərbaycan mətbuatının keçdiyi inkişaf yoluna diqqət çəkmək və onunla sıx bağlı olan “Azərbaycan” nəşriyyatının bir əsrdən artıq tarixini incəsənət dili ilə əks etdirməkdir.

“Söz. Çap. Forma – birləşən dünyalar” şüarı altında keçirilən tədbir çərçivəsində kağız tullantılarından, çap sənayesinə aid köhnəlmiş və sıradan çıxmış avadanlıqlardan, ehtiyat hissələrindən və digər texniki materiallardan sənət əsərləri ərsəyə gəlir.

Tədbirdə iştirak edən azərbaycanlı rəssam Tural Möyüfov bildirib ki, “Mətbuat çənbəri” adlı işi ərsəyə gətirir:

“Məqsəd mətbuatın daim yeniləndiyinə diqqət çəkməkdir. İnsan informasiyaya baxdıqca onun əhatəsinə düşür. Belə simpoziumun olması rəssamların öz potensialını ortaya qoyması üçün böyük təşəbbüsdür”.

Tural Möyüfov

Heykəltaraş Məmməd Rəşidov bildirib ki, simpozium çərçivəsində installyasiya işləri həyata keçirir:

“Sovet dönəmindən qalan əşyalardan istifadə edərək bir formada dəyişib işləri filtrasiya edirəm. Məqsəd məlumatın konservasiyası və filtiryasiyasıdır. Burada bizim üçün xarici rəssamlarla birgə işləmək şansı yaradılıb. Bu bizim üçün çox maraqlıdır”.

Norveçli rəssam Mira Abraham simpoziumda iştirakı üçün məmnunluq olduğunu bildirib:

“Mən burada bəzi qədimi fotolar görmüşəm və hazırda onların fonunda özümün rəsmlərini ərsəyə gətirirəm. Burada çalışmaq mənim üçün çox zövqlüdür”.

Mira Abraham

Mira Abraham

Xatırladaq ki, simpozium çərçivəsində tanınmış mərakeşli rəssam Hassan Burkia ustad dərsi keçirəcək. Bundan əlavə, misirli rəssam Məhəmməd Abouelnaqa və tanınmış azərbaycanlı fotoqraf Sanan Ələsgərovla görüşlər təşkil olunacaq.

Simpoziumda 17 azərbaycanlı və 17 xarici rəssam, fotoqraf və heykəltəraş iştirak edir. Xarici iştirakçılar arasında ABŞ, Cənubi Koreya, İspaniya, İtaliya, Macarıstan, Meksika, Mərakeş, Misir, Niderland, Norveç, Portuqaliya, Səudiyyə Ərəbistanı, Tayland və Türkiyəni təmsil edən sənət ustaları yer alır. Fərqli üslublarda çalışan, incəsənətə və ətraf aləmə özünəməxsus baxışı olan sənətkarlar “Azərbaycan” nəşriyyatının təklif etdiyi ümumi konsepsiyadan ilhamlanaraq mövzuya şəxsi yanaşmalarını və bədii təxəyyüllərini əks etdirən əsərlər yaradırlar.

Foto: Zaur Mustafayev

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More