Bu gün Ukrayna səması üzərində “Malaysia Airlines”ın MH17 reysini yerinə yetirən təyyarəsinin qəzaya uğramasının 11-ci ildönümüdür.
“Report”un Avropa bürosunun məlumatına görə, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın yaydığı bəyanatda deyilir.
Hadisə nəticəsində 298 nəfər, o cümlədən 80 uşaq həlak olub. Avropa İttifaqı (Aİ) yenidən Rusiyanı bu faciə ilə bağlı məsuliyyəti boynuna götürməyə çağırır.
“Avropa İttifaqı Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2025-ci il tarixli qərarını və Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Şurasının 12 may 2025-ci il tarixli qərarını alqışlayır. Buna əsasən Rusiyanın MH17 reysini yerinə yetirən təyyarənin qəzaya uğraması və göyərtədə olan bütün insanların ölümü ilə bağlı məsuliyyət daşıdığı barədə qərar qəbul olunub”, – bəyanatda bildirilib.
Mətndə qeyd olunub ki, Aİ BMT Təhlükəsizlik Şurasının 2166 saylı Qətnaməsinə uyğun olaraq həqiqətin, ədalətin və məsuliyyətin müəyyən edilməsi üçün bütün səylərə tam dəstəyini təsdiqləyir.
ICAO belə nəticəyə gəlib ki, Rusiya beynəlxalq hüquqla müəyyən edilmiş mülki hava gəmilərinə qarşı silah tətbiq etmə qadağasını pozub. ICAO Şurası 30 iyun 2025-ci il tarixli qərarında ərizəçilərə (Avstraliya və Niderland) və cavabdehə (Rusiya) MH17 reysini yerinə yetirən təyyarənin qəzaya uğramasına görə tam kompensasiya barədə danışıqlara başlamağı tapşırıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.