Sosial Tədqiqatlar Mərkəzi Böyük Qayıdış prosesinin təşkilinin, o cümlədən davamlılığının qiymətləndirilməsi, qayıdan vətəndaşların məmnuniyyətinin ölçülməsi məqsədilə ilk dəfə olaraq işğaldan azad olunmuş ərazilərdə tədqiqat həyata keçirir.
Mərkəzdən “Report”a verilən məlumata görə, “Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində azad olunan torpaqlarda məskunlaşdırılan vətəndaşlar arasında dayanıqlılıq və məmnuniyyət” adlı tədqiqat layihəsi üzrə Qarabağ və Şərqi Zəngəzurda ümumilikdə 1100 nəfərlə ictimai rəy sorğusu aparılır.
Qeyd edilib ki, hazırda davam edən sorğu qayıdışın reallaşdığı əraziləri, o cümlədən Ağdam rayonu (Sarıcallı və Kəngərli kəndləri), Ağdərə rayonu (Həsənriz və Suqovuşan kəndləri), Füzuli şəhəri, Şuşa şəhəri, Xocalı rayonu (Xocalı şəhəri və Ballıca kəndi), Talış kəndi, Laçın rayonu (Laçın şəhəri, Zabux və Sus kəndləri), Zəngilan rayonu (Ağalı kəndi) və Cəbrayıl şəhərini əhatə edir.
Artıq pilot sorğu, həmçinin tədqiqata keyfiyyət təhlilini əlavə etmək məqsədilə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin məsul şəxsləri ilə müsahibələr aparılıb.
Mərkəzin məlumatına görə, ictimai rəy sorğusu sakinlərin qayıtdıqları ərazilərə nə dərəcədə uyğunlaşdıqlarını, yaradılan infrastruktur və xidmətlərdən nə dərəcədə faydalana bildiklərini, yaşadıqları ərazidə hər hansı çatışmazlıqların olub-olmadığını, davamlı, qalıcı məskunlaşma üçün vacib amilləri, asudə vaxtın təşkili üçün mövcud imkanları, təhlükəsizlik səviyyəsini, məşğulluq imkanlarını, verilən dövlət imtiyazlarından faydalana bilib-bilmədiklərini müəyyən etməyi nəzərdə tutur. Tədqiqat yekunlaşdıqdan sonra nəticələr geniş hesabat halında ictimaiyyətə təqdim ediləcək.



Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.