Bakıda milli mətbuatın 150 illiyinə həsr olunmuş “MətbuArt” beynəlxalq incəsənət simpoziumu davam edir.
“Report” xəbər verir ki, “Azərbaycan Nəşriyyatı”nın təşəbbüsü və təşkilatçılığı ilə keçirilən simpoziumun əsas məqsədi Azərbaycan mətbuatının keçdiyi inkişaf yoluna diqqət çəkmək və onunla sıx bağlı olan “Azərbaycan” nəşriyyatının bir əsrdən artıq tarixini incəsənət dili ilə əks etdirməkdir.
“Söz. Çap. Forma – birləşən dünyalar” şüarı altında keçirilən tədbir çərçivəsində kağız tullantılarından, çap sənayesinə aid köhnəlmiş və sıradan çıxmış avadanlıqlardan, ehtiyat hissələrindən və digər texniki materiallardan sənət əsərləri ərsəyə gəlir.
“Azərbaycan” nəşriyyatının baş direktoru Leyla Güləliyevanın sözlərinə görə, simpoziumda 17 azərbaycanlı və 17 xarici rəssam, fotoqraf və heykəltəraş iştirak edir:
“Burada digər rəssamlar da gəlib işlərini təqdim edə bilərlər, həmçinin ustad dərsləri ala bilərlər. Sabah tanınmış azərbaycanlı fotoqraf Sanan Ələsgərov burada müzakirələrdə iştirak edəcək. İyulun 19-da misirli rəssam Məhəmməd Abouelnaqa müzakirələr keçirəcək. Bazar günü isə açıq ustad dərsləri baş tutacaq. Saat 11-dən 5-dən hər kəs “Azərbaycan” nəşriyyatına gələrək bu simpoziumda iştirak edəcək”.
Leyla Güləliyeva
Simpoziumda iştirak edən türkiyəli Ayşecan Kurtay bildirib ki, 30 ildir ki, plastika sənət sahəsində fəaliyyət göstərir:
“İstanbulda emalatxanam var. Bakıda bizə yaradılan şərait çox maraqlıdır. Xarici rəssamlarla əlaqədəyik, bu da bizi daha yaxşı çalışmağa sövq edir. Burada mən mətbuatın keçmişi və gələcəyini əhatə edən bir iş ərsəyə gətirməyə çalışdım”.

Ayşecan Kurtay
Misirdən olan rəssam Mohamed Abouelnaga isə qeyd edib ki, belə simpoziumda iştirak edərkən müxtəlif xalqların mədəniyyət və adət-ənənələri ilə tanış olaraq yeni işlər ərsəyə gətirməyə imkan yaranır:
“Mən burada hazırladığım işlərdə informasiyanın bütün dünya üçün önəmini, təsirini göstərməkə çalışıram. Göstərməyə çalışıram ki, hər bir informasiya insanların həyatına ciddi təsir edir. Bu gün dünyada baş verən müharibələr bizim gələcək nəsillərimiz üçün sual yaradır. Belə dünyada necə yaşayacaq?”

Mohamed Abouelnaga
Rəssam 10 il bundn öncə Bakıda olduğunu, bununla da Azərbaycana ikinci dəfə səfər etdiyini qeyd edib:
“Bakı çox gözəlləşib. 10 il bundan əvvəllə müqayisədə daha da müasirləşib”.
İyulun 22-də isə milli mətbuatın 150 illiyinə həsr olunmuş “MətbuArt” beynəlxalq incəsənət simpoziumu açıq sərgi ilə başa çatacaq.
Foto: Samirə Həsənova


















Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.