Azərbaycan boksçusu Əminə Tağı Serbiyanın Novi Pazar şəhərində yeniyetmələr arasında keçirilən Avropa birinciliyinin finalında erməni rəqibini məğlub etmək üçün xüsusi köklənib.
Bunu “Report”a açıqlamasında Azərbaycanın yeniyetmə, gənc və qadınlardan ibarət boks millisinin baş məşqçisi İlkin Ağayev deyib.
O, bəzi boksçuların özlərini yaxşı tərəfdən göstərmədiyini də vurğulayıb:
“Avropa çempionatına hazırlığın ilk mərhələsini Şəkidə keçdik. Daha sonra Bakı Boks Mərkəzində texniki-taktiki məşqlərlə davam etdik. Komandada hər şey yaxşı idi. Uşaqlar məşqlərdə də özlərini yaxşı göstərirdilər və inanırdılar. Əminə Tağı finalda erməni boksçunu məğlub etdi. Rəqib ikiqat Avropa çempionu idi. Əminənin qalib gələcəyinə həqiqətən inanırdıq. Özü də bu döyüşə yaxşı hazırlaşmışdı. Döyüşdən əvvəl söhbətimiz zamanı erməni boksçunu məğlub etmək üçün xüsusi kökləndiyini bildirmişdi. Şükürlər olsun ki, istədiyini həyata keçirdi. Təbii ki, yenə də bəzi boksçular özlərini yaxşı tərəfdən göstərmədilər. Növbəti yarışlarda digər boksçularımızın da qızıl medal qazanmalarına çalışacağıq”.
Qeyd edək ki, yığmamız Avropa birinciliyini 1 qızıl, 4 gümüş və 8 bürünc medalla başa vurub.
Əminə Tağı (50 kq) Avropa çempionu tituluna yiyələnib. Cəmilə Muradlı (52 kq), Fidan Bakarova (63 kq), Səma Abbasova (66 kq) gümüş, Qardaş Rəhimov (46 kq), Məhəmməd Rəsulov (50 kq), Raul Heydərli (54 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq) və Zəhra Məmmədova (54 kq) bürünc medal qazanıblar.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.