Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa bürokratiyasını və ABŞ-nin keçmiş Bayden administrasiyasını ölkəyə qarşı məqsədli təzyiq və şantaj siyasəti aparmaqda ittiham edib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, Baş nazir bu barədə keçirdiyi brifinqdə danışıb.
O bildirib ki, “Qlobal müharibə partiyası” Gürcüstanda hökuməti devirmək və onun əvəzinə xaricdən idarə olunan agentura rejimi qurmaq üçün keçmiş Bayden administrasiyasının əlindən istifadə edir:
“Bayden administrasiyası gürcü xalqını inandırmaq istəyirdi ki, hazırkı hökumət Qərb kursundan uzaqlaşıb. Bundan sonra isə həmin xalqın əli ilə ölkədə ikinci gün müharibəyə qoşulacaq bir agentura hökumət qurulmalı idi”.
Kobaxidzenin sözlərinə görə, gürcü xalqı bu niyyəti vaxtında anlayıb və 2024-cü il parlament seçkilərində hökumətə daha böyük dəstək göstərib.
“Cəmiyyət dərk etdi ki, məhz bu hökumət ölkəni müharibənin fəlakətli nəticələrindən və dağılmaqdan xilas etdi. Ona görə də siyasi komandamız seçkilərdə daha böyük legitimlik qazandı”, – o vurğulayıb.
Baş nazir, həmçinin ABŞ və Aİ-nin Gürcüstana qarşı “əsassız sanksiyalar” tətbiq etdiyini, ölkə ilə imzalanmış strateji tərəfdaşlıq sazişinin ləğv edildiyini və “Gürcü Arzusu”nun qurucusu Bidzina İvanişvilinin faktlara əsaslanmadan ittiham olunduğunu xatırladıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.