Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Almaniyanın Gürcüstandakı səfirini ölkə müxalifətinin təbliğatçısı olmaqda ittiham edib.
“Report”un yerli bürosu xəbər verir ki, o, bu barədə yerli “Imedi LIVE” televiziya proqramında çıxışı zamanı bildirib.
“Almaniya səfiri artıq müxalifətin təbliğatçısıdır. Bu, tənqid deyil, artıq siyasi mövqe nümayişidir”, – o qeyd edib.
Parlament sədri çıxışında Avropa İttifaqının və onun üzvü olan dövlətlərin Gürcüstanda maliyyələşdirdiyi layihələrə də toxunub. Spiker xüsusilə Avropa Demokratiya Fondunun fəaliyyəti və onun şəffaflığı ilə bağlı narahatlıq ifadə edib. Bildirib ki, 2023-cü ildə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi təqdim olunmazdan əvvəl Aİ-nin Gürcüstandakı səfirinə rəsmi məktubla müraciət edib: “Avropa Demokratiya Fondunun kimləri və hansı məqsədlə maliyyələşdirdiyi barədə məlumat istədim. Amma səfir bu məlumatları Gürcüstan parlamentinin sədrinə təqdim etməkdən imtina etdi”.
Papuaşvili hesab edir ki, bu cür yanaşma Gürcüstanın suveren qərarlarına və daxili siyasi proseslərinə təsir göstərmək cəhdidir.
Spikerin sözlərinə görə, Ukraynada müharibə başlayandan sonra Gürcüstanın eskalasiyadan, sanksiyalardan və ölkəyə zərər verə biləcək digər risklərdən uzaq durmağa çalışdığı bir vaxtda bu kimi hallar ölkəyə qarşı ədalətsiz yanaşmalarla nəticələnib.
Papuaşvili vurğulayıb ki, məhz bu şərtlərin və Gürcüstan hökumətinin təmkinli mövqeyinin nəzərə alınmaması ölkənin 2022-ci ildə Avropa İttifaqına namizəd statusu ala bilməməsinə səbəb olub.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.