Parlament sədri: Gürcü xalqı ideoloji təhlükə ilə üz-üzədir

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqını ölkəsinə qarşı ideoloji təzyiqlər göstərməkdə ittiham edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, “İmedi LIVE” televiziya proqramında çıxış edən parlament sədri Avropa İttifaqının Gürcüstanda qəbul edilən “Ailə dəyərlərinin müdafiəsi haqqında” qanuna yönəlik tənqidlərini əsassız adlandırıb.

“Avropa elə bir dövrdən keçib ki, insanlara Yerin düz olduğunu deyirdilər və əksini deyənləri yandırırdılar. Bu gün də bənzər bir durum yaşanır – bizi bidətçi elan edib, gürcü xalqını ideoloji təhlükə adı altında yandırırlar”, – o deyib.

Spiker vurğulayıb ki, sözügedən qanun cəmi beş səhifədən ibarətdir və bir neçə əsas məsələni əhatə edir. Qanunda yalnız kişi və qadın arasında evliliyin hüquqi baxımdan tanınması, LGBT fərdlərinin azyaşlı uşaqları övladlığa götürə bilməməsi, cinsiyyət dəyişdirmə əməliyyatlarının qadağan olunması, sənədlərdə yalnız bioloji cinsin qeyd edilməsi və təhsil müəssisələrində gender ideologiyasının təbliğinin yasaqlanması nəzərdə tutulur: “Bu qanun ictimai sifariş əsasında hazırlanıb və hakim partiyanın seçki proqramında da yer alıb. Məsələyə dair keçiriləcək referendum da bu mövqeyin xalq tərəfindən dəstəkləndiyini göstərəcək”.

O, Avropa İttifaqının viza rejiminin liberallaşdırılması məsələsini ailə dəyərləri ilə əlaqələndirməsini “yalan dilemma” adlandırıb.

“Gürcü xalqına deyirlər ki, Avropa İttifaqına üzv olmaq istəyirsinizsə, qəbul etməlisiniz ki, kişi qadın ola bilər. Bu isə anti-elm, ideoloji absurdluqdur. Biz bu yolu qəbul etmirik”, – parlament sədri vurğulayıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More