Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Bilgəh İstirahət Mərkəzində 2025-ci il 21-26 iyul tarixlərində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Kiber Yay Məktəbi – 2025”in rəsmi açılış mərasimi baş tutub.
“Report” xəbər verir ki, mərasimdə açılış nitqi ilə çıxış edən AKTA-nın İdarə Heyətinin sədri Pənah Musayev bildirib ki, artıq 4-cü dəfədir keçirilən yay məktəbinin 2023-cü ildə AKTA tərəfindən təşkil edilən “Kiber Yay Məktəbi” İslam Əməkdaşlıq Təşkilatının rəsmi kibertəhlükəsizlik platforması olan OİC-CERT tərəfindən “Qlobal Təhlükəsizlik Mükafatı”na layiq görülüb.
Pənah Musayev təlimlərə qardaş Türkiyədən də iştirakçıların qatıldığını bildirib.
Daha sonra “Kiber Yay Məktəbi 2025”in keçirilməsi təşəbbüsünə dəstək verən DTX Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi, general-mayor Davud Rüstəmov qeyd edib ki, təmsil etdiyi mərkəz bu təlimlərə kibertəhdidlərə qarşı ən son metodlarla mübarizə təcrübəsinə malik mütəxəssisləri ilə dəstək verməyə hazırdır. Davud Rüstəmov Türkiyədən gələn qonaqlara da uğurlar arzulayaraq yay məktəbi iştirakçılarına böyük ümidlərin olduğunu vurğulayıb.
Yay məktəbi çərçivəsində təlimlərin keçiriləcəyi Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov yay məktəbinin əsas nailiyyətlərindən birinin kibertəhlükəsizlik və rəqəmsal istiqamətinin gənclərin gələcək ixtisas seçimlərinə çevrilməsinə təsir etməsi olduğunu bildirib. Elmar Qasımov informasiya texnologiyaları üzrə ölkədə savadlı kontingentin formalaşdığını da vurğulayıb.
2021-ci ildə keçirilmiş “Kiber Yay Məktəbi” çərçivəsində təşkil edilən CTF yarışında qalib olaraq kiber qəhrəman titulu qazanmış və hazırda dünyanın yüksək nüfuzlu universitetlərindən sayılan Kolumbiya universitetində kompüter elmləri üzrə təhsil alan Mehdi Rəsulov kiberdüşərgə ilə bağlı təəsüratlarını bölüşüb.
Tədbirdə iştirak edən DTX-nin Heydər Əliyev adına Akademiyasının rəisi, general – mayor Elşad Nəsirov informasiya əsrində kibertəhlükəsizlik istiqamətinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq hibrid təhdidlərlə mübarizə metodlarının öyrənilməsinin vacibliyini qeyd edib.
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev və Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev çıxışlarında yay məktəbinin iştirakçılarına uğurlar diləyərək öz tövsiyələrini veriblər.
Daha sonra Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz çıxış edərək yay məktəblərinin keçirilməsinin ölkədə kibertəhlükəsizlik üzrə ixtisaslaşmış gənclərin formalaşmasında mühüm rol oynadığını qeyd edib.
Rəsmi açılış mərasimindən sonra şirkətlər tərəfindən təqdimatlara start verilib. “Crowdstrike” şirkətinin regional meneceri Sübhan Şərifov və AKTA-nın tərkibində fəaliyyət göstərən kiberdiasporanın aktiv üzvlərindən “Amazon Web Services” şirkətində menecer Elşən Həsənov təqdimatla çıxış ediblər.
AKTA-nın İcraçı direktoru Rauf Cabbarov bildirib ki, layihənin əsas məqsədi kibertəhlükəsizlik sahəsində ixtisaslı kadrların hazırlanması, gənclərin bu istiqamətdə maarifləndirilməsi, beynəlxalq əməkdaşlıq və şəbəkələşmənin təşviqidir. O vurğulayıb ki, Yay məktəbinə Azərbaycan və Türkiyədən 130 iştirakçı qatılıb. Onlardan 57 nəfəri yerli universitetlərdə AKTA-nın təşəbbüsü ilə yaradılan Kiber Klubların üzvləridir.
Qeyd edək ki sonrakı təlim günləri Bakı Ali Neft Məktəbində davam etdiriləcək. Yay məktəbi müddətində iştirakçılar üçün hər gün intensiv təlimlər, praktiki məşğələlər, ekspertlərlə görüşlər, master-klaslar, həmçinin “Capture The Flag” adlı real ssenariyə əsaslanan kiber-yarış təşkil olunacaq. Təlimlər iki dildə – Azərbaycan və ingilis dilində aparılacaq və tələbələr “Red Team” və “Blue Team” formatında qruplara bölünərək fərqli ssenarilər üzərində çalışacaqlar.
Yay məktəbi zamanı keçiriləcək yan tədbirlər sırasına Kiber Təhsil Forumu, AKTA ekspertlərin açıq havada «meet-up» tədbiri, Kiber diaspora üzvlərinin master klasları daxildir.
Tədbirin əsas tərəfdaşları – Caspel şirkəti, Crowdstrike, CaspianTech, Bakı Ali Neft Məktəbi, Sponsorları – Techpro, MegaSec, ESET, Crocusoft, Rabalon şirkətləridir. CTF yarışları CTF tərəfdaşı YER hostingin, təhsil yarışları isə Code Academy və MilliSec-in tərəfdaşlığı ilə baş tutacaq.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.