ABŞ, həqiqətən də, Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasını istəyir.
Bunu “Report”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Sultan Zahidov deyib.
O qeyd edib ki, Azərbaycan Prezidentinin III Şuşa Qlobal Media Forumunda da qeyd etdiyi kimi, bu gün Azərbaycan-ABŞ münasibətlərində müsbət dinamika müşahidə olunur:
“Trampın ikinci dəfə Prezidentliyə gəldiyi ilk altı ay müddətində onun administrasiyasından Azərbaycana yönələn müsbət siqnalların şahidi olduq. Trampın həm öz ifadələrində, həm də administrasiyasındakı fərqli nümayəndələrin Azərbaycanla bağlı çıxışlarında aydın sezilirdi ki, ABŞ Cənubi Qafqazda sabitlik və təhlükəsizlikdə maraqlıdır, bu çərçivədə Azərbaycanın təşəbbüslərini dəstəkləyir. 28 May-Müstəqillik Günü münasibətilə Donald Trampın Azərbaycan Prezidentinə ünvanladığı məktubda Azərbaycanın Avropanın enerji diversifikasiyasındakı roluna önəm verilməsi, ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin əhəmiyyətindən bəhs edilməsi də Tramp Administrasiyasının Azərbaycana verdiyi önəmin göstəricisi kimi nəzərdən keçirilə bilər”.
Sultan Zahidov
Müsahib hesab edir ki, ABŞ-nin sülhə töhfəsi hər şeydən əvvəl elə sülhü dəstəkləməsi və prosesin sürətlənməsi üçün müvafiq addımlar atmasından ibarət ola bilər:
“Hazırda biz müvafiq platformalarda şahid oluruq ki, ABŞ, həqiqətən də, Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasını istəyir. Elə Əbu-Dabi görüşündən sonra bu görüşü müsbət qiymətləndirən şəxslər arasında Donald Tramp ilk sırada dayanırdı. Onun bəyanatı da oldu ki, Azərbaycan və Ermənistan sülhə çox yaxındırlar”.
Ekspert daha sonra ABŞ-nin Azərbaycanla münasibətlərində əhəmiyyət verdiyi strateji sahələrə diqqət çəkərək onların təhlükəsizlik, nəqliyyat və enerji olduğunu bildirib:
“Azərbaycan bu sahələrdəki əməkdaşlıq narrativini işə salaraq Tramp Administrasiyası ilə əlaqələrin sıxlaşdırılmasına nail ola bilər. Azərbaycan bu günə kimi regional və qlobal təhlükəsizlik tədbirlərində fəal iştirak edən dövlətlərdən biri olub. ABŞ-nin həm Əfqanıstan, həm də İraqdakı missiyalarında NATO çərçivəsində yer alıb. Eyni zamanda, Əfqanıstandakı hadisələr zamanı öz hava sahəsindən ABŞ təyyarələrinin keçməsinə imkan yaradıb. İndiki halda da Azərbaycan regional və qlobal təhlükəsizlik işlərində əhəmiyyətli rol almaqdadır. Ona görə də burada Suriya və İsrail arasında danışıqlar baş tutdu. Yəni Cənubi Qafqaz və Yaxın Şərqdə təhlükəsizlik sahəsində ABŞ və Azərbaycanın maraqları üst-üstə düşür, hər iki ölkə bunun üçün fəal şəkildə iş aparır”.
Nəqliyyat sahəsinə gəldikdə isə S.Zahidov söyləyib ki, Şərqlə Qərb arasında nəqliyyatın inkişafı hər iki ölkənin marağındadır:
“Azərbaycan ilk növbədə öz iqtisadiyyatının inkişafı, regional inteqrasiya proseslərinin sürətləndirilməsi və sabitlik naminə nəqliyyat-kommunikasiya xətlərinin genişləndirilməsində, o cümlədən də Zəngəzur yolunun işə salınmasında maraqlıdır. ABŞ isə ilk növbədə Zəngəzur yolunun açılması ilə Rusiya və İranın geosiyasi təsir mexanizmlərinin zəiflədilməsi niyyətindədir. Məhz ona görə də bu yaxınlarda ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak (Tom Barrack) Zəngəzur dəhlizinin ABŞ şirkətinin nəzarəti altında 100 illik icarə əsasında açılmasını təklif etmişdi. Düzdür, Ermənistan tərəfi hələ ki bununla bağlı müsbət açıqlama verməyib. Amma bu onu göstərir ki, ABŞ Zəngəzur dəhlizinin açılmasında marağa sahibdir”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.