Azərbaycanın millisinin futbolçusu: “Rubin”in mükafatçılar sırasına düşmək şansı yoxdur”

Azərbaycanın qadınlardan ibarət millisinin üzvü Alina Dorofeyevanın formasını geyindiyi Rusiyanın “Rubin” klubunun ölkə çempionatında mükafatçılar sırasına düşmək şansı yoxdur.

Bu barədə müdafiəçi “Report”a açıqlamasında bildirib.

O, rəqiblərlə xal fərqi böyük olduğundan mükafatçılar sırasında yer almaq şanslarının olmadığını söyləyib:

“Əsas vəzifəmiz hər matçda qalib gəlmək və turnir cədvəlində yüksəlməkdir. Hazırda 11-ci yerdəyik, düşünürəm ki, mükafatçılar sırasında yer almaq şansımız yoxdur. Çünki fərq çox böyükdür”.

O, ölkə çempionatında “Zvezda-2005” ilə matçdan sonra XV turun rəmzi yığmasına düşdüyünə görə sevindiyini söyləyib:

“Əlbəttə ki, turun rəmzi yığmasına düşə bildiyim üçün şadam. Amma ən əsası komandanın 3 xal qazanması və qalib gəlməsidir”.

A.Dorofeyeva “Zvezda-2005” ilə oyunda məhsuldar ötürmə müəllifi olmasına və qol epizoduna da toxunub:

“Bizim üçün yaxşı oyun oldu. Topu rəqibdən aldım və məhsuldar ötürmə verdim. Müdafiəçilər bunun qarşısını ala bilmədilər. Nəticədə hücumçumuz topu qapıya göndərməyi bacardı”.

Qeyd edək ki, A.Dorofeyevanın formasını geyindiyi “Rubin” Rusiya çempionatının XV turunda “Zvezda-2005” klubuna 2:0 hesabı ilə qalib gəlib. Oyunda məhsuldar ötürmə müəllifi (21-ci dəqiqə) olan müdafiəçi turun rəmzi yığmasına düşüb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More