Xankəndidə keçirilən Şuşa Qlobal Media Forumu çərçivəsində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər beynəlxalq informasiya və media mühitində qlobal sabitlik və əxlaqi dəyərlərin qorunması sahəsində mühüm çağırış kimi qiymətləndirildi.
“Report” xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin sədri Bahar Muradova deyib.
O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın həmin çıxışdan paylaşım etməsi isə təsadüfi deyil:
“Bu, onların çağdaş çağırışlara münasibətlərindəki ideoloji yaxınlığın və ortaq dəyərlərə əsaslanan siyasi yanaşmalarının bariz nümunəsidir.
Prezident İlham Əliyev çıxışında xüsusilə bu gün dünya miqyasında sülhün qorunması, müharibələrin qarşısının alınması və ailə institutunun təməllərinin sarsıdılmasına qarşı səylərin birləşdirilməsi istiqamətində ciddi mövqe sərgilədi.
Bu fikirlər Donald Trampın da illərdir müdafiə etdiyi əsas prinsiplərlə tam uyğunluq təşkil edir. Tramp hər iki prezidentliyi dövründəki çıxışlarında daim güclü ailə modelinin qorunmasının lehinə və silahlı qarşıdurmaların əleyhinə çıxış edib, beynəlxalq balansın sülh yolu ilə əldə edilməsinin tərəfdarı olub”.
Komitə sədrinin sözlərinə görə, Trampın rəsmi sosial media hesabında bu çıxışdan paylaşım etməsi İlham Əliyevin fikirlərinin yalnız regional deyil, həm də qlobal səviyyədə rezonans doğurduğunu göstərir:
Bahar Muradova
“Bu paylaşım həm də göstərir ki, Azərbaycan və ABŞ kimi dövlətlər ailə dəyərləri, milli suverenlik və informasiya təhlükəsizliyi sahəsində ortaq mövqedə dayanır.
Dünya dəyişir – informasiya texnologiyaları və süni intellekt əsrində siyasi liderlərin çağırışları sadəcə texnoloji yeniliklərlə ayaqlaşmaq cəhdlərindən ibarət deyildir. Bu ilk növbədə dəyərlərin qorunması, ailə institutunun möhkəmləndirilməsi və münaqişələrin qarşısının alınması baxımından daha çox əhəmiyyət kəsb edir.
Məhz bu səbəbdən müharibə və işğala məruz qalaraq, onu öz gücünə aradan qaldırmağı bacaran müstəqil bir ölkənin Prezidenti İlham Əliyevin çağırışları və dünyada söz sahibi olan ABŞ kimi bir fövqəlgüc ölkənin Prezidenti Donald Trampın ona verdiyi dəstək təmsil etdikləri ölkələrin imkanlarına görə müqayisəyə gəlməyən iki ölkə liderinin həmrəyliyi deyil, həm də düzgün yolda olduqlarının təsdiqidir”.
Bahar Muradovanın fikrincə, bu həmrəylik göstərir ki, dünya siyasətində yenidən insanı, ailəni və sülhü mərkəzə alan liderlik modeli formalaşır:
“Bu modelin irəli aparılmasının önündə duran liderlərdən biri heç şübhəsiz Azərbaycan Prezidenti İlham Əliyev, digəri isə ABŞ Prezidenti Donald Trampdır”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.