III Şuşa Qlobal Media Forumu təkcə Azərbaycan mediası üçün deyil, dövlətin siyasi diplomatiyası üçün ciddi hadisə kimi tarixə düşdü. Forum həm Azərbaycan Prezidentinin yerli və qlobal media nümayəndələri qarşısında hesabatı, həm ölkənin imkanlarının nümayişi, həm də rəsmi Bakının dünyada cərəyan edən proseslərə yanaşması, gələcək planların tədqimatı idi.
Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib. O qeyd edib ki, qalib ölkənin prezidenti kimi İlham Əliyevin dünyada gedən siyasi proseslərlə bağlı fikri beynəlxalq medianın diqqət mərkəzində oldu:
“Forumda 52 ölkədən 140-a yaxın xarici nümayəndə iştirak edib. Onların arasında 30-dan artıq informasiya agentliyinin, 7 beynəlxalq təşkilatın, 80-ə yaxın media qurumunun, həmçinin bu sahə üzrə fəaliyyət göstərən digər qurumların təmsilçiləri yer alıb.
Prezidentin çıxışı zamanı Azərbaycanın COP29-a ev sahibliyi etməsi, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması, Bakı ilə İrəvan arasında normallaşma prosesi, Zəngəzur dəhlizinin aqibəti, Azərbaycan-ABŞ, Azərbaycan-Rusiya, Azərbaycan-Avropa İttifaqı münasibətləri, həmçinin ölkəmizin iqtisadi potensialı ilə bağlı fikirləri böyük maraq doğurdu.
Ölkə başçısı regionun yeni geosiyasi reallıqlarını mükəmməl şəkildə təsvir etdi və eyni zamanda problemlərin həlli üçün yol xəritəsini göstərdi. Regionda sülh və təhlükəsizliyin təmin olunmasının Ermənistandan, daha dəqiq desək, rəsmi Bakının şərtlərinin yerinə yetirilməsindən asılı olduğunu diqqətə çatdıran cənab Prezident bununla tərəflərin sülhə yaxınlığı ilə bağlı nikbin mesajlar verdi”.
Tahir Mirkişili
Deputatın sözlərinə görə, bütün dünya bu faktı qəbul edir ki, Ermənistan mövcud reallığı düzgün dəyərləndirməli və qərar verməlidir:
“Zəngəzur dəhlizilə bağlı suala cavabında Azərbaycan Prezidenti bir daha əmin etdi ki, bu, sülh və əməkdaşlıq dəhlizidir. Dağıdıcı qüvvələrin bu layihə üzərindən regionda gərginlik yaratmaq səyləri baş tutmayacaq. Rəsmi İrəvan anlamalıdır ki, Zəngəzur dəhlizi regionun təhlükəsizliyində mühüm rol oynayacaq.
Azərbaycanın işğaldan azad olunan ərazilərdə həyata keçirdiyi bərpa-quruculuq işləri forum vasitəsilə dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Prezident İlham Əliyevin təcrübəli siyasətçi kimi hazırda müharibə vəziyyətində olan Ukrayna xalqına verdiyi məsləhət aparıcı media orqanlarında geniş işıqlandırıldı. Ukraynanın “Gordon” media qurumunun təsisçisi jurnalist Dmitri Qordonun prezidentə ünvanladığı “siz Ukraynaya və ukraynalılara hansı tövsiyələri verə bilərsiniz” sualına cavab verən Prezident İlham Əliyev bildirdi ki, bir neçə il əvvəl tədbirlərin birində Ukrayna nümayəndəsinin oxşar sualına cavab vermək imkanı olub. “İndi verdiyim cavab o zamankı cavabımdan fərqli olmayacaq və düşünürəm ki, bu, Ukrayna xalqının istəkləri ilə də səsləşir – heç vaxt işğalla barışmamaq. Bu, əsas tövsiyədir. Bizim etdiyimiz də bu idi” – ölkə başçısı bildirib. Hesab edirəm ki, bu cür açıq mövqe ortaya qoymaq hər bir ölkənin liderindən böyük təcrübə, savad və cəsarət tələb edir. Əslində bu, Azərbaycan Prezidentinin hansısa ölkəyə qarşı mövqeyi kimi deyil, işğal faktoruna olan münasibətidir”.
Xankəndidə Azərbaycanın iqtisadi potensialı və gələcək hədəfləri ilə bağlı forum iştirakçılarına ətraflı məlumat verildiyini vurğulayan deputatın sözlərinə görə, Azərbaycanın iqtisadi göstəricilərini forum iştirakçılarının diqqətinə çatdıran ölkə rəhbəri qeyd etdi ki, xarici borcun ÜDM-dəki payının cəmi 6.9 faiz olması, yoxsulluğun aşağı səviyyəsi və Qarabağda həyata keçirilən iri infrastruktur layihələri ölkənin strateji və davamlı inkişaf modelinin göstəriciləridir:
“Bu sabitlik Azərbaycanın beynəlxalq maliyyə institutları və təşkilatlarla əlaqələrini gücləndirir, ona diplomatik manevr imkanları verir. Həmçinin Cənub Qaz Dəhlizi və Zəngəzur dəhlizi kimi təşəbbüslər Azərbaycanın regional enerji və logistik təchizat mərkəzi mövqeyini gücləndirir. Bu layihələr həm Avropa enerji təhlükəsizliyinə töhfə verir, həm də Cənubi Qafqazda iqtisadi inteqrasiyanı stimullaşdırır.
Ölkə rəhbəri forum iştirakçıları ilə görüşündə, həmçinin bildirib ki, Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir. 2030-cu ilə qədər artıq imzalanmış investisiya müqavilələri əsasında biz ən azı 6 giqavatlıq “yaşıl enerji”ni, o cümlədən günəş, külək və su elektrik enerjisini istehsal edəcəyik. Su elektrik enerjisi Qarabağ və Şərqi Zəngəzurda əsas yer tutur. 280 meqavat gücündə 30 kiçik su elektrik stansiyası artıq istismara verilib. Azərbaycan kömürdən istifadə etmir, elektrik enerjisi istehsal və istifadə edir. Günəş enerjisinin istehsalına başlanılıb. Bununla bağlı nəhəng enerji potensialı mövcuddur. Ölkə rəhbərinin də qeyd etdiyi kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanda ilin hadisəsi oldu”.
Deputat onu da əlavə edib ki, müasir informasiya mühitində dezinformasiya qlobal stabillik, ölkələrarası münasibətlərə, sülhə əsas təhdidlərdən biridir:
“Real müharibələrdən fərqli olaraq informasiya savaşında heç zaman atəşkəs olmur. Düşünürəm ki, yeni dövrün çağırışlarının məhz Xankəndidən səsləndirilməsi Azərbaycanın gücündən xəbər verir. III Şuşa Qlobal Media Forumu proaktiv strategiyaların araşdırılması, qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və gücləndirilməsi baxımdan uğurlu oldu. Forum iştirakçıları Xankəndi, Şuşa və digər bölgələrimzidə aparılan yenidənqurma işlərini, Qarabağın və Şərqi Zəngəzurun dəyişən simasını şəxsən görmək imkanı əldə etdilər”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.