Türkiyə nümayəndə heyəti Rusiya-Ukrayna danışıqlarında iştirak edəcək

İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarında Türkiyə nümayəndə heyəti də iştirak edəcək.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” adı açıqlanmayan türkiyəli rəsmiyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, nümayəndə heyətinin tərkibində, ehtimal ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan da yer alacaq.

“Böyük ehtimalla Türkiyə nümayəndə heyətinin tərkibi əvvəlki danışıqlarda olduğu kimi olacaq: Türkiyə diplomatiyasının, kəşfiyyatının rəhbərlərinin və hərbi idarənin yüksək rütbəli nümayəndəsinin iştirakı ilə”, – mənbə söyləyib.

Ukrayna Prezidenti Volodimir Zelenski danışıqların üçüncü raundunun iyulun 23-də baş tutacağını bildirib. Hakan Fidan Moskva ilə Kiyev arasında Türkiyə platformasında görüşün bu həftə baş tutacağını söyləyib. Kreml görüşün dəqiq tarixini daha sonra açıqlayacağına söz verib.

Xatırladaq ki, bundan əvvəlki iki raund mayın 16-da və iyunun 2-də İstanbulda keçirilib. Görüşlərdə Hakan Fidan iştirak edib. Görüşlərin yekununda Rusiya və Ukrayna nümayəndə heyətləri hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsinə dair razılığa gəliblər, həmçinin atəşkəs şərtlərini əks etdirən memorandumları bir-birinə veriblər.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More