Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Nyu-York şəhərində keçirilən BMT-nin Yüksək Səviyyəli Siyasi Forumu çərçivəsində bir sıra görüşlər keçirib.
Bu barədə “Report”a Komitədən məlumat verilib.
Bildirilib ki, Slovakiya Baş nazirinin müavini və ətraf mühit naziri Tomaş Taraba ilə məhsuldar görüşdə Anar Quliyev COP29 çərçivəsində keçirilmiş Şəhərsalma Günündə göstərdiyi fəallıq və verdiyi töhfələrə görə Tarabaya təşəkkürünü bildirib.
Tərəflər Slovakiyanın Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, xüsusilə Ağdam rayonunun Qərvənd kəndində həyata keçirilən “ağıllı kənd” layihələrində iştirakı məsələsini müzakirə ediblər.
Görüşdə həmçinin mənzil təminatı və tikinti sektorları üzrə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Anar Quliyev Çex Respublikasının regional inkişaf naziri Petr Kulhaneklə də səmərəli görüş keçirib.
Görüşdə şəhərsalma sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə və informasiya mübadiləsinin təşkili, eləcə də Avropa ölkələrinin şəhər məkanlarının yenidən qurulması və innovativ şəhərsalma təşəbbüslərində Azərbaycanla birgə iştirak məsələləri müzakirə olunub.
Komitə sədri həmkarlarını bu ilin oktyabr ayında Şuşada keçiriləcək 3-cü Azərbaycan Milli Şəhərsalma Forumu və 2026-cı ilin may ayında Bakıda baş tutacaq 13-cü Ümumdünya Şəhərsalma Forumunda iştiraka dəvət edib.

Mənbə: Report.Az
Comments are closed.