Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto’onun bu qurumdan 600 min dollar mənimsədiyi iddia olunub.
“Report”un “Actu Cameroun”a istinadən məlumatına görə, federasiya rəhbəri cinayət sövdələşməsi vasitəsilə “çirkli pulların yuyulmasında” şübhəli bilinir.
Bu məbləğin 2023-cü ildə Kamerunun Meksika ilə matçına görə oyunçulara nəzərdə tutulan mükafat olduğu, yığma üzvlərinin onlar üçün ayrılan ödənişləri almadıqları bildirilib.
Bu səbəbdən Eto’o haqqında Federal Təhqiqat Bürosuna (FTB) və Amerika Birləşmiş Ştatlarının Ədliyyə Nazirliyinə şikayət edildiyi vurğulanıb.
Qeyd edək ki, “Barselona”, “Real” (hər ikisi İspaniya), “İnter”, “Milan” (hər ikisi İtaliya) kimi tanınmış klubların, həmçinin Kamerun yığmasının (118 oyun, 56 qol) formasını geyinmiş Eto’o 2021-ci ildən ölkəsinin futbol federasiyasının prezidenti vəzifəsini icra edir.
2024-cü ilin sentyabrında aqressiv davranışı və ədalətli oyun prinsiplərini pozması səbəbi ilə FIFA tərəfindən onun 6 ay ərzində Kamerunun kişilərdən və qadınlardan ibarət millilərinin matçlarında iştirakına qadağa qoyulmuşdu.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.