Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “XIX əsrdə İrəvan türklərin maarif və mədəniyyət mərkəzi idi” adlı veriliş hazırlanıb.
“Report” xəbər verir ki, verilişdə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli İrəvan ziyalılarının Azərbaycanın maarif mühitində rolundan danışıb.
O bildirib ki, XIX əsrdə İrəvan türklərin maarif və mədəniyyət mərkəzi idi. İrəvan mühiti, ümumiyyətlə, əsasən türk-müsəlman mühiti olub. İrəvan ziyalılarının Azərbaycanın maarif mühitində böyük yeri olub.
F.Ələkbərli vurğulayıb ki, İrəvanda türklərin milli məsələsinin qabarması erməni və rusları hərəkətə gətirdi: “İrəvanda seminariya və gimnaziya ictimai mühitə böyük şəxsiyyətlər bəxş edib. İrəvandakı Göy məscidin axundu Şeyxülislam seçildi”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.



Mənbə: Report.Az
Comments are closed.