“Sabah” klubu Sloveniya təmsilçisi “Sele”yə qarşı keçirdiyi oyunlardan nəticələr çıxarıb.
“Report”un məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas deyib.
Mütəxəssis səfərdə Moldovanın “Petrokub” komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu ilə bağlı fikirlərini bölüşüb:
“Bizi çox maraqlı matç gözləyir. Rəqibin necə oynadığını təhlil etmişik, son görüşlərni izləmişik. Çox maraqlı komandadır, daha çox müdafiəyə meylli oynayırlar. Oyunçular çox kompaktdır, meydanda nə edəcəklərini bilirlər. Məncə, evdə və səfərdə bir qədər fərqli oyun sərgiləyirlər. Evdə daha çox pressinq edirlər, meydanın hər yerində rəqiblə birə-bir oynamağa çalışırlar. Səfərdə isə taktiki yanaşmaları bir az fərqlidir. Avrokuboklarda favorit olmur, burada həmişə bütün gücünlə mübarizə aparmalısan, hər an oyunun taleyini həll edə bilər.
Əlbəttə, biz bura sadəcə oynamağa gəlməmişik. Məncə, “Sabah” artıq elə bir səviyyəyə çatmalıdır ki, harada oynamasından asılı olmayaraq hər qarşılaşmaya qalibiyyət üçün çıxsın. Biz də bunu etməyə çalışacağıq”.
O, Sloveniya təmsilçisi “Sele”yə qarşı keçirdikləri görüşlərdən nəticələr çıxardıqlarını bildirib:
“Sele” ilə keçirdiyimiz iki matç bizə oyunumuzu anlamaq, səhvlərimizi dərk etmək və nələri düzəltməli olduğumuzu görmək baxımından çox şey qazandırdı. Avropa futbolunda həmişə olduğu kimi, nəticəni xırda detallar həll edir. Meydana çıxırsan və döyüşürsən, amma sonda kiçik məqamlar, köklənmə oyunun taleyini müəyyən edir. Ümid edirəm ki, bu dəfə hər şey bizim xeyrimizə olacaq”.
Qeyd edək ki, “Petrokub” – “Sabah” matçı bu gün Kişineudakı “Zimbru” stadionunda, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Tərəflər arasında cavab qarşılaşması iyulun 31-də “Bank Respublika Arena”da, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Mənbə: Report.Az
Comments are closed.