Tramp ABŞ-də süni intellektin inkişafı ilə bağlı sərəncamlar imzalayıb

ABŞ Prezidenti Donald Tramp ölkədə süni intellekt texnologiyasını inkişaf etdirmək və ona əsaslanan müxtəlif inkişafların ixracını artırmaq məqsədi daşıyan üç sərəncam imzalayıb.

“Report” xəbər verir ki, bunu amerikalı lider Vaşinqtonda süni intellektin inkişafına həsr olunmuş konfransda çıxışı zamanı deyib.

“Amerika süni intellekt sahəsində yarışa başlayan ölkədir. Mən ABŞ prezidenti kimi bu gün Amerikanın qalib gələcəyini elan edirəm”, – Tramp bildirib. O, əmin edib ki, Birləşmiş Ştatlar hazırda süni intellekt sahəsində Çindən çox irəlidədir və bu üstünlüyünü möhkəmləndirmək niyyətindədir.

Amerika lideri qeyd edib ki, adıçəkilən konfransda imzaladığı icra sərəncamlarından biri ABŞ-ni süni intellektlə bağlı müxtəlif inkişafların “ixrac mühərrikinə” çevirmək məqsədi daşıyır. Ağ Evin dərc etdiyi sənəddən belə görünür ki, bu, xüsusən də Vaşinqtonun müttəfiqi olan ölkələrə ixtisaslaşmış kompüter avadanlığı və proqram təminatının satışına aiddir.

Trampın vurğuladığı kimi, Amerika administrasiyası tərəfindən görülən tədbirlər ABŞ-də süni intellekt infrastrukturu ilə bağlı bütün böyük layihələrin həyata keçirilməsini sürətləndirmək üçün mümkün olan hər şeyi etməyə yönəlib. Onun sözlərinə görə, bu, federal hakimiyyət orqanları tərəfindən bu sahədə bütün lazımi icazə və lisenziyaların verilməsini sürətləndirməyi tələb edir.

Amerika prezidenti həmçinin qeyd edib ki, Çinlə uğurla rəqabət aparmaq üçün Birləşmiş Ştatlar süni intellektin öyrədilməsi üçün istifadə oluna biləcək müxtəlif materiallar üçün əqli mülkiyyət hüquqlarına riayət olunması ilə bağlı tələbləri yumşaltmalıdır: “Hər məqalə, kitab və ya öyrəndiyiniz hər hansı bir şey üçün pul ödəməlisinizsə, süni intellekt proqramınızın uğurlu olacağını gözləmək olmaz”.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More