Gürcüstanda NATO-nun dəstəyi ilə keçirilən “Agile Spirit 2025” çoxmillətli hərbi təlimlərinə start verilib.
“Report”un Gürcüstan bürosunun verdiyi məlumata görə, təlimlərin açılış mərasimi NATO-Gürcüstan Təlim və Qiymətləndirmə Birgə Mərkəzində (JTEC) baş tutub.
Tədbirdə Gürcüstan müdafiə nazirinin birinci müavini Paata Patiaşvili, Müdafiə Qüvvələrinin komandanının müavini general-mayor İrakli Çiçinadze və ABŞ-ın Avropa və Afrika üzrə 7-ci Ordusunun Təlim Komandanlığının rəhbəri, briqada generalı Terri Tilis çıxış ediblər. Rəsmi şəxslər beynəlxalq təhlükəsizlik çağırışları fonunda müttəfiqlər arasında əməkdaşlığın və qarşılıqlı fəaliyyət imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Təlimlərə Gürcüstan Müdafiə Qüvvələrinin Qərb Komandanı, briqada generalı Koba Qriqolia və ABŞ-ın Corciya ştatının Milli Qvardiyasının nümayəndəsi, polkovnik Uilyam Koks birgə rəhbərlik edirlər.
Açılış mərasimində Gürcüstanda akkreditə olunmuş hərbi attaşelər, NATO əlaqələndirmə ofisinin, NATO-Gürcüstan Əsas Paketinin (SNGP) əsas qrupunun, ABŞ-ın Tbilisidəki səfirliyinin Müdafiə Əməkdaşlığı İdarəsinin (ODC) və Avropa İttifaqının Monitorinq Missiyasının (EUMM) nümayəndələri iştirak ediblər.
“Agile Spirit 2025” təlimləri regionun iki ölkəsində — Gürcüstan və Türkiyədə keçirilir. Təlimlər iyulun 21-də Türkiyənin Adana vilayətində ABŞ-Türkiyə birgə hava-desant əməliyyatı ilə başlayıb və regional təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
Cari mərhələdə təlimlərə Gürcüstan, ABŞ və Türkiyə Müdafiə Qüvvələrinin şəxsi heyəti ilə yanaşı, daha səkkiz ölkənin hərbçiləri də qatılıblar. Bundan əlavə, iki çoxtərəfli bölmə təlimlərdə iştirak edir, iki ölkənin müşahidəçiləri isə prosesin gedişini izləyəcəklər.
Təlimlərin məqsədi iştirakçı ölkələrin müdafiə qüvvələrinin hazırlıq səviyyəsinin artırılması, qarşılıqlı uyğunluğun və əməliyyat imkanlarının təkmilləşdirilməsi, eləcə də regional təhlükəsizlik çağırışlarına çevik cavabvermə qabiliyyətinin gücləndirilməsidir.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.