2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparmaq hüququ qazanan “İmişli”nin ev oyunlarını keçirmək istədiyi Quba Olimpiya Kompleksi PFL tərəfindən təftiş olunacaq.
Bunu “Report”a açıqlamasında bölgə təmsilçisinin icraçı direktoru Aqşin Mürsəlov deyib.
O, hələ ki, başqa varinatlarının olmadığını bildirib:
“Quba Olimpiya Kompleksində oynamağı nəzərdə tutmuşuq. Amma stadion hələ Peşəkar Futbol Liqası tərəfindən təftiş olunmayıb. Yararsız olsa, nə edəcəyimizlə bağlı qərar verməmişik. Hansı stadion uyğundursa, Premyer Liqanın şərtlərinə cavab verirsə, orada oynayacağıq”.
Klub rəsmisi İmişlidəki stadionun son durumu haqqında da məlumat verib:
“İmişlidəki stadionda təmir işlərinə hələ başlanılmayıb. Xeyli dəyişikliklər olmalıdır. Meydan, çəkiliş üçün zonalara qaydaya salınmalıdır. Hazırkı stadion əvvəlki qaydalara uyğun tikilib. Təmirə nə vaxt başlanılacağını deyə bilmirəm. Bu, bizdən asılı məsələ deyil. Biz də istəyərik ki, ən qısa zamanda öz stadionumuza qayıdaq. İndidən nəsə demək çətindir”.
Qeyd edək ki, “Turan Tovuz”un ev oyunlarını “Azərsun Arena”da, “Kəpəz”in Qəbələ şəhər stadionunda, “Karvan”ın isə Şamaxıdakı stadionda keçirəcəyi açıqlanıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.