Müdafiə naziri: Britaniya Tayvan münaqişəsi zamanı döyüşməyə hazırdır

Böyük Britaniyanın müdafiə naziri Con Hili Avstraliyaya səfəri zamanı Londonun Çinlə münaqişə halında Tayvanı müdafiə etməyə hazır olduğunu bildirib.

“Report”un məlumatına görə, o, “Telegraph” qəzetinə müsahibəsində Çinlə münaqişə halında Britaniyanın Tayvana necə kömək etməyə hazır olduğu sualına cavab verərkən bunu bəyan edib.

“Əgər keçmişdə olduğu kimi, döyüşməli olsaq, Avstraliya və Böyük Britaniya birlikdə döyüşəcək. Biz birgə təlimlər keçiririk və birlikdə hazırlıq aparırıq, bu da bizə çəkindirici qüvvə olmağa kömək edir”, – o bildirib.

Bununla yanaşı, nazir “ümumi cizgilərdə” danışdığını vurğulayıb və Böyük Britaniyanın Hind-Sakit okean regionundakı mübahisələri “sülh” və “diplomatik” yolla həll etməyi üstün tutduğunu qeyd edib.

Londonun Tayvanla rəsmi əlaqələr qurmağa hazır olub-olmadığı sualına cavab olaraq Hili “hazırda Britaniya Tayvana münasibətdə kursunu dəyişdirməyi nəzərdən keçirmir” deyib.

Britaniya Tayvanı müstəqil ölkə kimi tanımır və onunla rəsmi siyasi əlaqələr qurmayıb.

Bazar günü Hili Avstraliyanın baş nazirinin müavini Riçard Marlzla birlikdə ABŞ-la birgə təlimlərdə iştirak etmək üçün Asiya-Sakit okean regionunda olan Britaniya aviadaşıyıcısı “HMS Prince of Wales”ə baş çəkib.

Avstraliyaya səfəri zamanı London və Kanberra hökumətləri həmçinin Cilonq müqaviləsini – atom sualtı qayıqlarının hazırlanması da daxil olmaqla, AUKUS paktı (Avstraliya, Böyük Britaniya və ABŞ) çərçivəsində əməkdaşlığı gücləndirən yeni 50 illik təhlükəsizlik sazişini imzalayıblar.

Pekin Tayvanı Çin Xalq Respublikasının (ÇXR) ayrılmaz hissəsi hesab edir və “vahid Çin” prinsipinə riayət edilməsini ÇXR ilə diplomatik əlaqələr qurmaq və ya saxlamaq istəyən digər dövlətlər üçün məcburi şərt hesab edir. “Vahid Çin” prinsipi və Tayvanın müstəqilliyinin tanınmaması, Taypeylə müxtəlif sahələrdə sıx əlaqələr saxlamasına baxmayaraq, ABŞ da daxil olmaqla gözlənilir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More