Fransa Milli Assambleyasının Azərbaycanı hədəfə alan qətnaməsi açıq-aşkar siyasi qisas almaq cəhdidir – RƏY

Fransa Milli Assambleyasında Azərbaycana qarşı irəli sürülən qətnamə layihəsi, həm vaxt, həm də məzmun baxımından olduqca diqqətçəkicidir və siyasi məqsədlərə yönləndirilmiş bir addımdır.

“Report”un məlumatına görə, bunu politoloq Ülviyyə Zülfiqar deyib.

O qeyd edib ki, xüsusilə bu qətnamənin Fransa ilə Yeni Kaledoniya arasında əldə olunmuş razılaşmadan dərhal sonra irəli sürülməsi, təsadüf sayıla bilməz:

“Təbii ki, Azərbaycan diplomatiyasının son zamanlar müstəmləkəçiliyə qarşı beynəlxalq platformalarda sərgilədiyi prinsipial mövqe, xüsusilə də Fransanın dənizaşırı ərazilərində, o cümlədən Yeni Kaledoniyada baş verən proseslərə dair mövqeyi, rəsmi Parisdə ciddi narahatlıq doğurub”.

Onun sözlərinə görə, Azərbaycanın bu prosesdə prinsipial və ədalətli mövqe tutması, müstəmləkəçilikdən uzaq olmayan Fransa rəhbərliyini qıcıqlandıran əsas faktorlardan biridir.

Politoloq hesab edir ki, bu kontekstdə, Makron administrasiyası məhz Azərbaycanı hədəfə alan qətnamə layihəsi vasitəsilə siyasi qisas alması mənzərəsi açıq-aşkar görünür:

“Ən azı, bu qətnamənin məhz indi: yəni Fransa üçün geosiyasi itkilərlə müşayiət olunan bir dövrdə gündəmə gətirilməsi təsadüfi deyil. Qətnamənin məzmununa gəldikdə isə, onun beynəlxalq hüququn fundamental prinsiplərinə tamamilə zidd olduğu tamamilə aydındır. Burada Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq kimi əsas beynəlxalq hüquq prinsipləri kobud şəkildə pozulur. Üstəlik, illərlə Azərbaycan ərazisində separatçı fəaliyyətlərlə məşğul olmuş, qanunsuz qurumları dəstəkləmiş dairələr bu dəfə də eyni tezislərlə çıxış edirlər. Qətnamədə səsləndirilən ittihamlar reallıqdan uzaq, birtərəfli, düşmənçilik və qərəz üzərində qurulmuş ifadələrdən ibarətdir”.

Politoloq əlavə olaraq qeyd edib ki, bu qətnaməni irəli sürən siyasi fiqurların bəziləri əvvəllər də Azərbaycana qarşı açıq şəkildə qərəzli mövqe sərgiləyən, Ermənistanı birbaşa və dolayı yollarla dəstəkləyən şəxslərdir. Bu isə onu göstərir ki, qətnamənin arxasında duran motivlər daha çox Parisin qərəzli maraqları, eləcə də Ermənistan lobbiçiliyinin təsiri ilə formalaşıb.

Ü.Zülfiqar vurğulayıb ki, nəticə etibarilə, bu qətnamə Fransa daxilində mövcud olan siyasi və postkolonial narahatlıqların, həmçinin Azərbaycanın müstəqil və prinsipial xarici siyasət kursuna qarşı yönəlmiş bir qərəzli cavab reaksiyasıdır.

“Azərbaycanın artan nüfuzu və yeni regional güc balansı göstərir ki, bu cür qərəzli sənədlər nə siyasi, nə də diplomatik baxımdan real təsir gücünə malik ola bilməz. Əksinə, bu sənədlər Fransanın müasir dövrdə hələ də köhnə imperial düşüncə tərzindən azad ola bilmədiyini bir daha üzə çıxarır”.

Qeyd edək ki, iyulun 22-də Fransa Milli Assambleyasındakı “Sağ Respublikaçılar” qrupunun rəhbəri və Fransa-Ermənistan dostluq qrupunun sədri Loran Vokye (Laurent Wauquiez), habelə həmin dostluq qrupunun sədr müavini Aleksandr Marten (Alexandra Martın) tərəfindən “Ermənistanla strateji tərəfdaşlığı imzalamaqla onu Azərbaycanla sülh səylərində dəstəkləmək və Azərbaycanda saxlanılan Artsax siyasi məhbuslarının azad edilməsinə tələb etmək məqsədini daşıyan” Avropa Qətnaməsi təşəbbüsünü irəli sürüblər.

Qətnamədə qondarma məfhumlara (“dağlıq-qarabağ respublikası, artsax) yer verilir, bu torpaqlardan köçmüş erməni əhalisinin vəziyyəti ilə əlaqədar çoxsaylı narahatçılıqların olduğu qeyd olunur. Həmçinin, Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan erməniəsilli şəxslər üzərində məhkəmə proseslərinin guya “qondarma” olduğu iddia edilir, onların dərhal azad olunması tələbi irəli sürülür.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More