Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Jurnalist Rufik İsmayılovun müsahibi Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Rəhimoğlu olub.
“Report” xəbər verir ki, o, Qərbi Azərbaycanın Qarakilsə rayonundan, ana babasıgildə keçirdiyi uşaqlıq illərindən söhbət açıb.
Qeyd edib ki, Qərbi Azərbaycan ürəyinin bir parçasıdır və orada yaşadığı xoş günlər ömür boyu yadından çıxmayacaq. Müsahib anasının söylədikləri əsasında bildirib ki, babasının bacısını ermənilər ailənin gözü qarşısında yandırıb, qətlə yetiriblər. Anasının dayısını isə ermənilər zəhərləyərək öldürüblər. Bu kimi çoxsaylı işgəncələrə məruz qalan ailə məcburən ata-baba yurdunu tərk edib, qaçqına çevrilib.
BAMF sədrinin sözlərinə görə, 1828-ci ildə “Türkmənçay” müqaviləsi imzalanandan, İrəvan xanlığı Çar Rusiyası tərəfindən işğal ediləndən sonra İrandan, Türkiyədən, sovet illərində isə dünyanın bir çox ölkələrindən kütləvi şəkildə köçürülən ermənilər Qərbi Azərbaycan ərazisində, azərbaycanlıların zorla çıxarıldığı evlərdə məskunlaşdırılıblar.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.