Nüfuzlu beynəlxalq media platforması Naxçıvanı dünyanın ən dayanıqlı bölgələrindən biri kimi təqdim edib.
“Report”un yerli bürosu xəbər verir ki, beynəlxalq onlayn media platforması olan www.eureporter.co saytında “Nakhchivan: One of the world’s most sustainable places” (“Naxçıvan: Dünyanın ən dayanıqlı yerlərindən biri”) adlı geniş məqalə dərc olunub.
Məqalədə Azərbaycanın muxtar respublikası olan Naxçıvanın həm tarixi, həm də ekoloji baxımdan diqqətçəkən xüsusiyyətlərinə geniş yer ayrılıb.
Məqalədə vurğulanıb ki, çoxzolaqlı və müasir yolları ilə seçilən Naxçıvan şəhəri səyahətçilər üçün olduqca cəlbedici məkandır. Macəra axtaran turistlər bu şəhəri tərk edərkən oradan xoş təəssüratlarla ayrılır, yerli sakinlərin qonaqpərvər və səmimi münasibəti isə xüsusi qeyd olunub.
Şəhərdə fəaliyyət göstərən çoxsaylı muzeylərin demək olar ki, hamısına girişin pulsuz olması da müəllif tərəfindən təqdirəlayiq hal kimi təqdim edilib. Bu muzeylər arasında Heydər Əliyev Muzeyi xüsusi yer tutur. Muzeydə 5 mindən çox eksponat nümayiş etdirilir və bu eksponatlar vasitəsilə Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında ziyarətçilərə ətraflı məlumat verilir.
Məqalədə həmçinin Naxçıvan memarlıq məktəbinin banisi, məşhur memar Əcəmi Naxçıvaninin əsərləri, o cümlədən Möminə Xatın türbəsi və Yusif Küseyir oğlu türbəsi haqqında geniş məlumat yer alıb. Qeyd edilib ki, bu türbələr Şərq memarlığının inciləri olmaqla yanaşı, Azərbaycanın milli irsinin parlaq nümunələridir.
Naxçıvanın 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan edildiyi xatırladılıb və şəhərdə yerləşən 6 min 500 nəfərlik tutuma malik Heydər Məscidi də bu mədəniyyətin təcəssümü kimi təqdim olunub.
Məqalədə qədim yaşayış məskəni olan Ordubad rayonundakı muzeylər, eləcə də təbii gözəllikləri ilə seçilən Göygöl haqqında da məlumat verilib. Qeyd olunub ki, Göygöl son zamanlar UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib. Gölə aparan dağ yolları səyahətsevərlər üçün əsl macəra vəd edir.
Təbiət möcüzələri ilə zəngin olan bölgədə Batabat gölü, onun “üzən ada” fenomeni, eləcə də 250-dən çox mineral su mənbəyi – xüsusilə “Sirab” və “Badamlı” suları haqqında məlumatlar da oxucularla paylaşılıb.
Naxçıvanda yerləşən və müalicəvi xüsusiyyətləri ilə tanınan “Duzdağ” mağarası da məqalədə xüsusi vurğulanıb. Bildirilib ki, burada bronxial astma və xroniki bronxit kimi xəstəliklərin müalicəsi üçün şərait yaradılıb və sağlam insanlar belə bu mağaraya maraq göstərirlər.
Bölgənin təhsil potensialı da diqqətdən kənarda qalmayıb. Məqalədə bildirilib ki, Naxçıvan Dövlət Universitetində İran, Türkiyə, Banqladeş və Nigeriyadan olan çoxsaylı əcnəbi tələbələr təhsil alır.
Naxçıvanın yerli mətbəxi və kulinariya ənənələri də oxucuların diqqətinə çatdırılıb. Xüsusilə “Qayğanaq” adlı şirniyyat və qoz, şəkər tozu ilə doldurulmuş qurudulmuş ərikdən hazırlanan “Alana” xüsusi dad olaraq vurğulanıb.
Tarixi məkanlar arasında Culfa rayonunda yerləşən və “Naxçıvanın Machu Picchu”su adlandırılan Əlincə qalası da diqqət çəkir. Yerli əfsanələrdən biri isə Nuhun gəmisinin “İlandağ” zirvəsinə endiyi barədədir – dağın zirvəsindəki parçalanmanın gəminin izi olduğuna inanılır.
Sonda müəllif qeyd edib ki, Naxçıvan həm qədim mədəniyyət mərkəzi, həm də Azərbaycanın və bəlkə də Qafqazın ən təmiz şəhərlərindən biridir. Məqalədə Naxçıvanın təbiətinin, mədəniyyətinin və insanların səmimiyyətinin bu bölgəni dünyanın kəşf edilməyə layiq ən unikal yerlərindən birinə çevirdiyi diqqətə çatdırılıb.
Mənbə: Report.Az
Comments are closed.