Bu günlərdə Fransa Milli Assambleyasında Azərbaycana qarşı irəli sürülmüş növbəti qətnamə layihəsi bir daha göstərdi ki, bu ölkədə bəzi siyasi dairələr Cənubi Qafqazda sülhə və sabitliyə qarşı qərəzli və təhlükəli yanaşmalarını davam etdirirlər.
Bunu “Report”a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.
O qeyd edib ki, qətnamənin müəllifləri isə daim erməni lobbisinin təsiri altında fəaliyyət göstərən və anti-Azərbaycan mövqeləri ilə tanınan şəxslərdir:
“Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının irəlilədiyi bir mərhələdə – xüsusilə Əbu-Dabi görüşündən dərhal sonra belə bir qətnamə təşəbbüsünün ortaya atılması Fransanın sülh prosesindən narahat olduğunu və prosesdən kənarda qalmasını həzm edə bilmədiyini açıq şəkildə sübut edir”.
Deputat hesab edir ki, Fransa Milli Assambleyası tərəfindən irəli sürülən bu kimi qətnamələr beynəlxalq hüquqa zidd olmaqla yanaşı, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə açıq hörmətsizlikdir.
Səbinə Salmanova
“Reallıqların təhrif edilməsi, yalan məlumatlar üzərindən siyasi nəticələr çıxarılması, rəsmi Parisin hansı maraqlara xidmət etdiyini aydın göstərir. Fransa bir tərəfdən Azərbaycanın ünvanına “demokratiya”, “insan haqları” kimi anlayışlardan sui-istifadə edir, digər tərəfdən isə öz daxilində – Yeni Kaledoniya, Polineziya, Qvadelupa və digər müstəmləkə ərazilərdə yerli xalqların azadlıq çağırışlarını amansızcasına boğur. Bu, Fransa dövlətinin açıq-aşkar ikili standartlara əsaslanan neokolonial siyasətinin göstəricisidir”, – o deyib.
Qeyd edək ki, iyulun 22-də Fransa Milli Assambleyasındakı “Sağ Respublikaçılar” qrupunun rəhbəri və Fransa-Ermənistan dostluq qrupunun sədri Loran Vokye (Laurent Wauquiez), habelə həmin dostluq qrupunun sədr müavini Aleksandr Marten (Alexandra Martın) tərəfindən “Ermənistanla strateji tərəfdaşlığı imzalamaqla onu Azərbaycanla sülh səylərində dəstəkləmək və Azərbaycanda saxlanılan Artsax siyasi məhbuslarının azad edilməsinə tələb etmək məqsədini daşıyan” Avropa Qətnaməsi təşəbbüsünü irəli sürüblər.
Qətnamədə qondarma məfhumlara (“dağlıq-qarabağ respublikası, artsax) yer verilir, bu torpaqlardan köçmüş erməni əhalisinin vəziyyəti ilə əlaqədar çoxsaylı narahatçılıqların olduğu qeyd olunur. Həmçinin, Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan erməniəsilli şəxslər üzərində məhkəmə proseslərinin guya “qondarma” olduğu iddia edilir, onların dərhal azad olunması tələbi irəli sürülür.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.