Vitse-spiker: Ekstremist qruplara çevrilmiş opponentlər Gürcüstanı dağıtmaq istəyirlər

Gürcüstan Parlamentinin birinci vitse-spikeri Gia Volski bəyan edib ki, ekstremist qruplaşmalara çevrilmiş siyasi opponentlər ölkədə qarışıqlıq yaratmaq və Gürcüstanı Rusiya ilə qarşıdurmaya cəlb etmək istəyirlər.

Bu barədə “Report”un Gürcüstan bürosu xəbər verir.

Volskinin sözlərinə görə, Gürcüstan cəmiyyətinin böyük bir hissəsi bu prosesin ölkənin gələcəyi üçün ciddi təhlükə olduğunu dərk edir.

O bildirib ki, Gürcüstanda inqilabi proseslərin inkişafı məqsədilə müəyyən dairələr tərəfindən məkrli fəaliyyət planı hazırlanıb: “Bu plan cəmiyyətin maraqlarına ziddir və Gürcüstanı qarşıdurmaya sürükləməyi hədəfləyir. Rusiya siyasətinin ölkədə tətbiqi məsələsi bu ssenaridə əsas mexanizmlərdən biri kimi nəzərdə tutulur. Hələ ki, bu mövzu aktivləşdirilməyib, lakin müəyyən dairələr bu istiqamətdə addımlar atmağa çalışır”.

Vitse-spiker qeyd edib ki, hazırda “seçki saxtakarlığı” mövzusu da süni şəkildə gündəmə gətirilir və bu, ölkədə sabitliyi pozmaq cəhdlərinin tərkib hissəsidir.

“Bu ittihamlar reallığı əks etdirmir və əksinə, tamamilə fərqli vəziyyət yaradır. Ssenarinin məqsədi Gürcüstanın Ukrayna ssenarisi ilə qarşılaşmasına nail olmaqdır. Bu isə ölkənin təhlükəsizliyi və gələcəyi üçün böyük təhdiddir”, – deyə Volski vurğulayıb.

Onun fikrincə, qarşıdan gələn seçkilər Gürcüstan cəmiyyətinin hansı tərəfi dəstəklədiyini və kimin haqlı olduğunu açıq şəkildə göstərəcək.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More