Azərbaycan İordaniyada beynəlxalq festivalda təmsil olunur

Azərbaycan İordaniyadakı 39-cu Caraş Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalında təmsil olunur.

Bu barədə “Report”a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbir “Burada İordaniya… və onun şərəfi davam edir” şüarı ilə, Kral II Abdullahın himayəsi altında İordaniya Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilib.

Mədəniyyət Nazirliyinin dəstəyilə tarzən İbrahim Babayevin rəhbərlik etdiyi qrup və Dövlət Rəqs Ansamblının solistləri festivalda ölkəni təmsil edir.

İyulun 28-də festival çərçivəsində İbrahim Babayevin rəhbərliyi ilə hazırlanmış “MughaMix” musiqi layihəsinin təqdimatı olub. Qədim Caraş şəhərinin mərkəzi meydanında reallaşan konsertdə İ.Babayev (tar), Anar Vəlizadə (balaban) və Vəfadar Ramizin (nağara) ifasında Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasından “Fantaziya”, H.Həsənovun “Unuda bilmirəm” əsərləri, “Xarıbülbül” və “Sarı gəlin” Azərbaycan xalq mahnıları səsləndirilib.

Konsertdə həmçinin İ.Babayevin “MughaMix”, “Dance in the Sky” və “17.17” əsərləri ifa olunub. Bundan əlavə, Azərbaycan Dövlət Rəqs Ansamblı tərəfindən “Yaylıq” xalq rəqsi, V.Mustafazadənin “Dance” əsəri və musiqiçi üçlüyünün iştirakı ilə səhnələşdirilmiş “Azərbaycan rəngləri” (Colors of Azerbaijan) kompozisiyası təqdim olunub. Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb.

Qeyd edək ki, Caraş festivalı çərçivəsində 35 ölkədən nümayəndələrin iştirakı ilə 230-dan artıq mədəni proqramın keçirilməsi nəzərdə tutulur. Proqrama 140-dan çox şairin qatıldığı poeziya gecələri, müxtəlif xalqların musiqi və folklor ansambllarının çıxışları, eləcə də “Caraş ümidləri” adlı karikatura, təsviri sənət, xəttatlıq və ədəbiyyat günləri daxildir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More